Hər bir azadlıq günü xalqımızın yaddaşına qürur, sevinc və Zəfər tarixi kimi yazılır. Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlar, işğaldan azad edilən hər bir kənd və şəhər torpaqlarımıza qayıdışın, milli birliyimizin və qəhrəmanlığımızın təcəssümüdür.
15 oktyabr 2020-ci il də bu şanlı tariximizin əlamətdar günlərindən biridir. Həmin gün rəşadətli Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra kəndlərini işğaldan azad edərək xalqımıza növbəti qələbə sevincini yaşatdı.
Prezident İlham Əliyev müharibənin gedişatı ilə bağlı rəsmi sosial şəbəkə hesabından paylaşım edir:
“Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib.”
Bəli, bu gün adlarını qeyd etdiyimiz kəndlərin azadlıq günüdür. Vətən müharibəsinin bu təqviminə adları yazılan kəndləri tanıyaq.
Füzuli rayonunun Arış kəndi:
Füzuli rayonunun Arış kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Cəbrayıl rayonunun Doşulu kəndi:
Dağətəyi ərazidədir. Vaxtilə Cənubi Azərbaycandan gəlmiş Doşu və Gəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və Şəybəy yaşayış məntəqələrinin əsasını qoymuşlar. "Doşuya məxsus kənd, doşulular" deməkdir.
Xocavənd rayonunun Edişə kəndi:
Xocavənd rayonunun Edişə kəndi dağətəyi ərazidə yerləşir. Kənd 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Edişə kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Xocavənd rayonunun Düdükçü kəndi:
Xocavənd rayonunun Düdükçü kəndi Edilli kənd inzibati ərazi dairəsində yerləşir.
Xocavənd rayonunun Edilli kəndi:
Xocavənd rayonunun Edilli kəndi eyni adlı inzibati ərazi dairəsində yerləşir. Erməni işğalı dövründə kənddə azərbaycanlılara məxsus tarixi abidələr, qəbiristanlıqlar və yaşayış evləri dağıdılaraq məhv edilmişdir. Edilli kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıqlar aşkarlanıb.
Xocavənd rayonunun Çiraquz kəndi:
Çiraquz kəndi eyniadlı kənd inzibati ərazi dairəsində yerləşir. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Oykonim Çiraqlı, Ciraqlar toponimlərinin variantı olub, "ciraq tayfası yaşayan kənd, çiraqlılara məxsus kənd" deməkdir.
30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. Dağıdılmış yurd yerlərimizin hamısı yenidən qurulur, əvvəlki şöhrətini bərpa edir. İşğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanır.
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda yeni həyat başlayır. Uzun illər həsrətində olduğumuz doğma yurdlarımızda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, yollar salınır, infrastruktur bərpa olunur, kəndlərimiz öz əvvəlki görkəminə qovuşur.
Böyük Qayıdış prosesi çərçivəsində soydaşlarımız doğma torpaqlarına qayıdır, ata-baba yurdlarında yeni həyata başlayırlar. Vaxtilə məcburi köçkünlük ağrısı yaşayan ailələr bu gün öz evlərinə, öz el-obasına qovuşmağın sevincini yaşayırlar.