"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ilk televiziya və radio qurumudur.
Hər xalqın milli-mənəvi dəyərlərini, mədəni irsini əks etdirə biləcək bir güzgüyə ehtiyacı var. Bizim də güzgümüz “Mavi ekran”dır. Məhz buna görə də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, ölkəmizin zəngin irsini - mədəniyyətini, incəsənətini, ədəbiyyatını dünyaya çatdırmaq və təbliğ etmək istiqamətində Milli Televiziya və Radionun gördüyü işlər danılmazdır. Bunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşları ilə görüşü zamanı söylədiyi "Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir" – kəlamı ilə bir daha təsdiq etmək mümkündür.
Azərbaycan televiziyası bizi tək özümüzə deyil, bütün dünyaya göstərir. Müasir dövrdə müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası yaradan Ana Televiziyamız, xalqımızın bu günə qədər keçdiyi misli-bərabəri olmayan tarixi qələbələrini, milli-mənəvi dəyərlərimizi nümayiş etdirməklə gələcək nəsllər üçün bir ensklopediya rolunu oynayır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna aşağıdakı qurumlar daxildir:
* Azərbaycan Televiziyası (AzTV)
* İdman TV
* Mədəniyyət TV
* Azərbaycan Radiosu
* Beynəlxalq Radio
BEYNƏLXALQ RADİO
Beynəlxalq Radio öz verilişləri ilə ilk dəfə 1941-ci il 20 iyul tarixindən efirə çıxır. Tarixi adları Xarici Verilişlər İdarəsi, Xarici Verilişlər Radiosu, Xarici Verilişlər Studiyası olub. 1994-cü ildən isə, böyük siyasi xadim, ulu öndər Heydər Əliyevin göstərişi ilə, Azərbaycan Beynəlxalq Radiosu adlandırılıb. Əvvəllər "Bakının səsi", indi isə "Azərbaycanın səsi" çağırışı ilə efirə çıxan Azərbaycan Beynəlxalq Radiosu müstəqil və suveren Azərbaycanın haqq səsini, reallıqlarını müxtəlif dillərdə dünyaya çatdırmaqdadır.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) Beynəlxalq Radioda genişmiqyaslı islahatlar həyata keçirir. Bu islahatlar radionun yayım siyasətinin təkmilləşdirilməsi, məzmun keyfiyyətinin artırılması və yeni proqramların tətbiqini əhatə edir. Beynəlxalq Radioda verilişlərin məzmununun yenilənməsi və rəqəmsal platformalara keçid əsas prioritetlər arasındadır. Beynəlxalq Radioda islahatların əsas istiqamətləri - yayım keyfiyyətinin yüksəldilməsi,verilişlərin məzmununun zənginləşdirilməsi və radionun proqram siyasətində yeniliklər tətbiq olunmasıdır. Belə ki, 2024-cü ildə12 dildə yayımlanan Beynəlxalq Radioda mövcud verilişlərin formatı təkmilləşdirilib, yeni proqramlar əlavə edilib. “Azərbaycanın Səsi” çağırışı ilə Azərbaycan dilində hər gün 4 dəfə , türk dilində hər gün 2 dəfə, rus dilində verilişlər hər gün 6 dəfə, ingilis dilində hər gün 5 dəfə, fransız dilində hər gün 5 dəfə, fars dilində hər gün 2 dəfə, ərəb dilində hər gün 2 dəfə, erməni dilində hər gün 5 dəfə, gürcü dilində həftənin I, III və V günü, gündə 2 dəfə, etnik azlıqlarda: ləzgi dilində həftənin I və III günü, gündə 2 dəfə , talış dilində həftənin II və IV günü, gündə 2 dəfə və kürd dilində həftənin II və IV günü, gündə 2 dəfə verilişlər yayımlanır. Efirə bu dillərdə gündəlik xəbərlər, aktual məsələlərin müzakirələri, müsahibələr və bədii proqramlar təqdim olunur.
2024-cü ilin dekabr ayından Beynəlxalq Radio ilə xüsusi layihəyə start verilib. Radio YouTube üzərindən canlı yayıma keçib. Həftənin beş günü, iki dəfə - saat 13:00-dan 14:30 –a kimi və 17:00-dan 18:00 - kimi canlı yayımlar həyata keçirilir. Bu yayımlarda günün aktual ictimai-siyasi mövzusu, Azərbaycanın xarici siyasəti, Qarabağda quruculuq işləri və “Böyük qayıdış” layihəsi, Qarabağ və Qərbi Azərbaycan həqiqətləri, dövlətimizə qarşı aparılan informasiya müharibəsinə Azərbaycanın fakt və həqiqətlərə əsaslanan cavabları və ismarıcları, həmçinin mədəniyyətimizlə bağlı canlı efirdə maraqlı müzakirələr aparılır. Azərbaycan Respublikası multikultural və tolerant ölkə kimi tanındığı üçün bu istiqamətə də xüsusiylə diqqət yetirilir.
2025-ci ilin mart ayından etibarən Beynəlxalq Radioda yeni formatda və səpkidə hazırlanan verilişlər radionun məzmununu daha da zənginləşdirəcək. Xüsusilə tarixi, mədəni, diplomatik və milli-mənəvi dəyərlərə həsr olunmuş proqramlar geniş auditoriyaya ünvanlanıb.
Aşağıda yenilənmiş proqramların siyahısı təqdim olunur:
1. “Şuşanın səsi”
3. “Qərbi Azərbaycan -həqiqətlərin izi ilə”
4. “Böyük Qayıdış”
5. “Tarixin daş kitabələri - Azərbaycan qalaları”
6. “Keçən əsrlərdən Qarabağa gedən yol, tarixin iz saldığı zaman körpüsü - Toponimlər”
7. “Səmalardan gələn səs- Muğam sədası”
8. “Səsimin bayrağı - Ana dilim”
9. “Döyüşçü yolu –Vətən fədailəri”
10. “Azərbaycan qadını və cəmiyyət”
11. “Xalq qəhrəmanları”
12. “Diplomatiya tariximizdən”
13. “Qələbənin qara qızılı- Bakı nefti”
14. “Köhnə Bakı”
15. “Şənbə söhbətləri”
16. “Nəğməli, sehirli ilmələr”
17. “Dilimiz, dinimiz, milli mənəvi dəyərlərimiz”
18. “Gəzək Azərbaycanı, bu yurdu qarış, qarış”
19. “Azərbaycan mətbəxi – nəfis dad”
Qeyd edək ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini nəzərə alaraq, radiomuz “Müstəqil, bütöv, hüquqi Azərbaycan- Konstitusiya və Suverenlik ili” adlı layihə də təqdim edir.
Beynəlxalq Radioda həyata keçirilən islahatlar, radionun informasiya yayımı sahəsində mövqeyini daha da gücləndirib. Yayım keyfiyyətinin yüksəldilməsi, dillərin sayının artırılması, proqram siyasətində yeniliklərin tətbiqi və rəqəmsal platformalarda aktiv iştirak, YouTube üzərindən canlı yayımlar, dinləyici auditoriyasını genişləndirib.
Bu islahatlar nəticəsində Beynəlxalq Radio həm yerli, həm də beynəlxalq səviyyədə Azərbaycanın mədəni irsini, tarixi həqiqətlərini, milli-mənəvi dəyərlərini, eləcə də müasir inkişafını daha geniş auditoriyaya çatdırmağa çalışıraraq, radionun informasiya və mədəniyyət daşıyıcısı kimi rolunu gücləndirib