Qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, geosiyasi rəqabətin və təchizat zəncirlərində qeyri-müəyyənliyin artdığı bir vaxtda ölkələrin beynəlxalq çəkisini müəyyən edən amillər də dəyişir. Artıq yalnız təbii resurslara və ya əlverişli coğrafi mövqeyə malik olmaq kifayət etmir. İnvestor üçün sabitlik, təhlükəsizlik, etibarlı tərəfdaşlıq və uzunmüddətli proqnozlaşdırıla bilənlik də ən az iqtisadi göstəricilər qədər əhəmiyyətlidir.
Azərbaycanın son dövrdə ortaya qoyduğu iqtisadi və diplomatik təşəbbüslər də məhz bu reallıq fonunda diqqət çəkir.
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bunun konkret nümunələrindən biridir. Forumda müxtəlif ölkələrdən investorların, beynəlxalq maliyyə institutlarının və biznes nümayəndələrinin iştirakı Azərbaycanın özünü yalnız investisiya qəbul edən ölkə kimi deyil, regional iqtisadi əlaqələrin formalaşmasında iştirak edən tərəf kimi təqdim etdiyini göstərir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişilini dinləyək:
“Dünyada baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq üçün tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələ isə əlavə dəyər yaradan, ölkənin daxilində daha çox dəyər yaradan və bu dəyəri bir neçə dəfə artıra bilən infrastrukturun qurulması ilə bağlıdır. Bütün bunların tək bir məqsədi sonda Azərbaycan iqtisadiyyatında davamlı, dayanıqlı eyni zamanda daha şaxələndirilmiş, daha dərin olan bir struktur yaratmaqdır. Gələcəkdə dünyada baş verən son zamanlar böhranların sayının artmasının, eyni zamanda qiymət dalğalanmasının Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq üçün görülən tədbirlərdir”.
Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının aktuallığının artdığı bir dövrdə ölkənin tranzit imkanları iqtisadi resurs olmaqla yanaşı, geoiqtisadi əhəmiyyət daşıyan amilə çevrilir. Azərbaycan 2030-cu ilədək tranzit yükdaşıma imkanlarını 25 milyon tona çatdırmağı hədəfləyir.
Siyasi sabitlik isə bütün bu proseslərin üzərində dayanan əsas şərtlərdən biridir. Çünki uzunmüddətli investisiya qərarı verən tərəf üçün yalnız bu günün deyil, sabahın da necə görünəcəyi vacibdir. Sabit siyasi mühit, inkişaf edən infrastruktur və regional bağlantı imkanları iqtisadi layihələrin uzunmüddətli perspektivdə planlaşdırılmasına şərait yaradır.
Burada iqtisadiyyatla xarici siyasət bir-birindən ayrı proseslər kimi deyil, bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Yeni nəqliyyat marşrutu siyasi əlaqələr tələb edir, enerji layihələri uzunmüddətli tərəfdaşlıq tələb edir, investisiya isə qarşılıqlı etimad olmadan formalaşmır.
Məhz buna görə Azərbaycanın qlobal nüfuzundan danışarkən məsələni yalnız siyasi və ya yalnız iqtisadi müstəvidə qiymətləndirmək kifayət deyil. Ölkənin artan beynəlxalq çəkisi həm siyasi sabitliyin, həm iqtisadi imkanların, həm də regional bağlantıların yaratdığı qarşılıqlı təsirin nəticəsi kimi nəzərdən keçirilə bilər.