İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların və kommunikasiyaların çəkilməsi ilə məhdudlaşmır. Regionun yeraltı sərvətləri də Azərbaycanın yeni iqtisadi inkişaf gündəliyinin mühüm istiqamətlərindən birinə çevrilir. Qızıl, mis, molibden, polimetal, alunit və digər faydalı qazıntı yataqlarının müasir texnologiyalarla araşdırılması, ehtiyatların dəqiqləşdirilməsi və mərhələli şəkildə sənaye dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur.

 

Lakin regionun yeraltı sərvətlərindən danışarkən onun 30 ilə yaxın işğal dövründə üzləşdiyi ekoloji və iqtisadi itkiləri də nəzərə almaq lazımdır. Azərbaycanın dövlət qurumları həmin dövrdə təbii sərvətlərin qanunsuz istismarı, meşələrin qırılması, su ehtiyatlarının çirkləndirilməsi, biomüxtəlifliyə və təbii ekosistemlərə zərər vurulmasını “ekoloji terror” və “ekosid” kimi qiymətləndiriblər. Rəsmi məlumatlara görə, işğal dövründə təbii ehtiyatların talan edilməsi ilə yanaşı, regionun ekoloji tarazlığına ciddi zərər dəyib. Mövzu ilə bağlı millət vəkili Azər Badamov deyib:

“İl ərzində təkcə yaşayış məntəqələrini dağıtmaqla Ermənistan, Ermənistan oliqarxları kifayətlənmədilər. Onlar həm də Azərbaycan xalqına məxsus təbii resursların da talanması ilə məşğul oldular. Qeyri-qanuni yollarla dağ-mədən sahəsində faydalı qazıntıların istehsalını həyata keçirdilər”.

Əlbəttə, belə bir şəraitdə yeraltı sərvətlərin iqtisadi dövriyyəyə qaytarılması həm də əvvəlki dövrdə qanunsuz və nəzarətsiz istifadəyə məruz qalmış resurslar üzərində dövlət nəzarətinin bərpası deməkdir.

Qarşıdakı mərhələdə Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqlarının istismarı xüsusi diqqət mərkəzində olacaq. Prezident İlham Əliyevin sentyabrın 22-də keçirilən müşavirədə verdiyi məlumata görə, Ağdərədə artıq işlərə başlanılıb, növbəti mərhələdə Kəlbəcər və Zəngilanda mövcud yataqlar üzrə istismarın başlanması nəzərdə tutulur.

Kəlbəcərdəki “Söyüdlü”–“Zod” qızıl yatağı üzrə də mühüm mərhələlər keçilib. 2026-cı ilin sentyabrında isə yataqda ilk dəfə qazma-partlayış işlərinə başlanılıb.

Digər böyük layihələrdən biri “Filizçay” polimetal yatağıdır. Burada mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanları qiymətləndirilir. Dövlət Proqramına əsasən, yatağın tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır.

Qarabağdakı “Dəmirli” yatağında əlavə mis ehtiyatlarının istifadəsi imkanları da araşdırılır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqlamasına görə, burada təxminən 470 min ton əlavə mis ehtiyatının istifadə potensialına baxılır. “Zəylik” alunit yataqları üzrə isə gələcəkdə alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılması imkanları qiymətləndirilir.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntıların iqtisadi dövriyyəyə qaytarılması bir neçə paralel istiqaməti əhatə edir: yeni yataqların kəşfiyyatı, mövcud ehtiyatların dəqiqləşdirilməsi, hasilatın bərpası, filizin zənginləşdirilməsi, emal müəssisələrinin yaradılması və son məhsula qədər uzanan istehsal zəncirinin qurulması.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun gələcəyi yalnız yerüstü şəhər və kəndlərin yenidən qurulması ilə deyil, yeraltı sərvətlərin iqtisadi dövriyyəyə qaytarılması, sənaye və istehsal zəncirlərinin yaradılması, məşğulluğun artırılması və eyni zamanda 30 illik ekoloji zərərin aradan qaldırılması ilə formalaşır.