Qərbi Azərbaycan coğrafiyası zəngin və çoxqatlı tarixi-mədəni irsi ilə seçilən ərazilərdən biridir. Bu irsin mühüm istiqamətlərindən birini Qafqaz Albaniyasının xristian mədəniyyəti və onunla əlaqələndirilən dini-memarlıq abidələri təşkil edir.

 

Qafqaz Albaniyasının tarixi və mədəni irsi Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Alban xristianlığına aid edilən məbədlər, monastırlar, kitabələr və digər maddi-mədəni nümunələr qədim dövrlərdə bu coğrafiyada mövcud olmuş dini və mədəni proseslərin öyrənilməsi baxımından əhəmiyyətli mənbələrdir.

Bu irsin izlərinə Qərbi Azərbaycanda da rast gəlinir. Qıpçaqvəng, Gülvəng, Qoşavəng və digər dini-memarlıq abidələri alban irsi ilə bağlı araşdırmalarda xüsusi yer tutur. Bu abidələrin memarlığı, daş kitabələri və digər xüsusiyyətləri onların tarixi mənşəyinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mövzu ilə bağlı tarixçi Faiq İsmayılov bunları qeyd etdi:

“Alban irsi əcdadlarımızdan bizə qalan miras hesab olunur, yəni bu irs bizim milli kimliyimizi müəyyən edən bir mənəvi dəyərdir. Burda ermənilər alban mədəni irsini məhv edirdilər, buna görə ki, bizim milli kimliyimizi siliblər ərazilərimizdən. Məsələn, istənilən bir ərazidə, istər Qarabağ və Şərqi Zəngəzur, istərsə də Qərbi Azərbaycan ərazilərində bir Azərbaycan toponiminə rast gəlmək mümkün deyildi”.

Qərbi Azərbaycandakı alban irsi məsələsinin mühüm tərəflərindən biri də bu abidələrin sonrakı tarixi taleyidir. Azərbaycan tarixşünaslığında qeyd olunur ki, 1836-cı ildə Alban Apostol Kilsəsinin Rusiya imperiyasının qərarı ilə ləğv edilərək Erməni Apostol Kilsəsinin tabeliyinə verilməsindən sonra alban dini irsinin mənimsənilməsi və erməniləşdirilməsi prosesi güclənib.

Bu baxımdan Qərbi Azərbaycanın alban irsinin qorunması yalnız qədim tikililərin fiziki vəziyyətinin saxlanılması məsələsi deyil. Abidələrin kitabələri, memarlıq xüsusiyyətləri, arxeoloji materialları və tarixi konteksti də qorunmalı və sənədləşdirilməlidir.

Qərbi Azərbaycanın alban irsi ilə bağlı məsələnin beynəlxalq elmi müstəvidə araşdırılması da xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycanın alban irsi bu gün yalnız keçmişin yadigarı kimi deyil, Azərbaycan xalqının tarixi-mədəni yaddaşının araşdırılması baxımından da əhəmiyyətli mövzu olaraq qalır. Bu irsin sənədləşdirilməsi, qorunması və elmi dövriyyəyə daxil edilməsi gələcək nəsillərin regionun tarixi haqqında daha dolğun məlumat əldə etməsi üçün mühüm əhəmiyyət daşıyır.