Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Bölgədə qurulan yeni yaşayış məntəqələri, yaradılan sosial infrastruktur və məskunlaşma prosesi bu ərazilərdə həyatın tədricən əvvəlki ritminə qayıtdığını göstərir. Hazırda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır, işləyir və təhsil alır.

 

Bu proses üçün əsas mərhələlərdən biri 2023-cü il sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirlərinin başa çatması oldu.

Sonrakı dövrdə Xankəndidə şəhərin sosial və ictimai həyatının yenidən qurulmasına xüsusi diqqət yetirildi. Qarabağ Universitetinin fəaliyyətə başlaması burada yeni təhsil mühitinin formalaşmasına və şəhərin gələcək inkişafında insan kapitalının rolunun artmasına şərait yaratdı. Təhsil, səhiyyə və digər sosial infrastrukturların yaradılması ilə Xankəndidə yeni həyatın əsasları möhkəmləndirilir.

Xocalıda da Böyük Qayıdış prosesinin real nəticələri artıq müşahidə olunur. 2024-cü il mayın 28-dən keçmiş məcburi köçkünlərin şəhərə qayıdışı başlayıb. Yeni yaşayış binaları və sosial obyektlər inşa olunur, digər infrastruktur layihələri həyata keçirilir. Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması isə faciə qurbanlarının xatirəsinin yaşadılması baxımından mühüm addımlardan biridir. Bu gün Xocalı həm tarixi yaddaşın, həm də yenidənqurmanın ünvanına çevrilir.

Xocavənddə də bərpa və məskunlaşma işləri mərhələli şəkildə davam etdirilir. Hadrut qəsəbəsi və bir sıra kəndlərdə həyatın yenidən qurulması ilə yanaşı, 2023-cü ilin sentyabrından sonra rayonun digər ərazilərində də dövlət idarəçiliyi və sosial infrastrukturun bərpasına başlanılıb.

Məskunlaşmanın miqyası Böyük Qayıdışın artıq konkret nəticələrə çevrildiyini göstərir. Xankəndi və Kərkicahanda 119, Xocalı və ətraf yaşayış məntəqələrində 1167, Xocavənd və ətraf yaşayış məntəqələrində 988, Ağdərə rayonunun bir sıra kəndlərində isə 917 ailə məskunlaşıb.

Bu rəqəmlər Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərinin yalnız bir hissəsini əks etdirir. Yeni yollar, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlərlə yanaşı, insanların doğma torpaqlarına qayıtması bölgənin gələcək inkişafının əsas göstəricilərindən birinə çevrilir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Böyük Qayıdış davam edir. Qarşıdakı mərhələlərdə yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi və insanların doğma yurdlarına qayıdışının genişlənməsi ilə bu mənzərənin daha da dəyişməsi gözlənilir.