Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 13-cü iclası keçirilib.

 

Energetika Nazirliyindən bildirilib ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Dumitru Kisəlitsə, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Macarıstanı isə bu ölkənin Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Katalin Kişne Hlatki təmsil ediblər. Tədbirdə, həmçinin Avropa Komissiyası, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO), “CESI S.p.A.” şirkəti, Rumıniyanın Enerji Tənzimləmə Qurumu (ANRE), Dünya Bankı və ölkələrin elektrik ötürücü sistem operatorlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə iyulun 8-də Bakıda keçirilmiş 12-ci iclasdan sonra görülən işlər nəzərdən keçirilib. “CESI S.p.A.” şirkəti ilkin bazar araşdırmasının nəticələrini və texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra yekun investisiya qərarının (FID) qəbulunadək əsas prioritetləri təqdim edib. GECO-nun təqdimatında isə Avropa İttifaqının Qarşılıqlı Maraq Layihəsi (PMI) statusu üçün oktyabrda edilmiş müraciətin bütün iştirakçı ölkələrdəki layihə komponentlərini əhatə etdiyi və dəhlizin bu proses çərçivəsində vahid layihə kimi qiymətləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin hazırlıq mərhələsi başa çatıb, dəhlizin tikintisinin mümkünlüyü müəyyən edilib və indi əsas məsələ layihənin icrası üçün zəruri qərarları vaxtında qəbul etməkdir: “Yekun investisiya qərarını 2029-cu ildə qəbul etmək və 2032-ci ildə ilk elektrik enerjisi tədarükünə başlamaq üçün hər ay önəmlidir. Azərbaycan Türkiyənin layihəyə qoşulmasını və dəhlizin elektrik enerjisi ilə yanaşı, məlumat ötürülməsinə də xidmət etməsini dəstəkləyir. Avropanın etibarlı enerji tərəfdaşı kimi bu dəhliz vasitəsilə onun enerji təhlükəsizliyinə, təchizatın şaxələndirilməsinə və yaşıl keçidinə töhfə verməyə hazırıq”.

Müzakirələrin nəticəsi olaraq “Transelectrica” və GECO-ya PMI prosesi üzrə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG ENER) ilə sıx əməkdaşlığı davam etdirmək tapşırılıb. Layihənin inkişaf etdirilməsinə məsul şirkətin seçilməsi üzrə hazırlıq işlərinin aparılması, müvafiq təkliflərin yekunlaşdırılaraq 2027-ci ildə keçiriləcək növbəti nazirlər iclasında təsdiqlənməsi üçün təqdim edilməsi GECO şirkətinə həvalə edilib. Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Qara dənizin dibinin tədqiqinə dair növbəti addımlar, həmçinin milli enerji tənzimləmə qurumlarının birgə iclasının keçirilməsi razılaşdırılıb. Türkiyənin “Yaşıl Enerji Dəhlizi” layihəsinə göstərdiyi maraq alqışlanıb və onun layihəyə qoşulmasının strateji əhəmiyyəti qeyd edilib. Həmçinin fiber-optik kabel (FOC) komponentin inkişafı ilə bağlı məsələlərin müvafiq qurum və təşkilatların iştirakı ilə müzakirəsinin davam etdirilməsi barədə razılığa gəlinib.

Müzakirələrin yekununda iclasın nəticələrini əks etdirən Protokol imzalanıb və növbəti iclasın 2027-ci ilin aprelində Macarıstanda keçirilməsinə qərar verilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb.