Azərbaycanın xarici siyasəti bu gün yalnız milli maraqların qorunması və regional təhlükəsizliyin təmin edilməsi ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda regional və qlobal miqyasda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən mühüm aktor kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu, balanslaşdırılmış və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, müxtəlif siyasi və iqtisadi platformalarda mövqelərinin güclənməsinə şərait yaradır.
Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərindən biri regionda uzunmüddətli və dayanıqlı sülhün təmin edilməsidir. Xüsusilə Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşması ölkəmizin qarşısında həm tarixi fürsətlər, həm də mühüm məsuliyyətlər yaradıb. Azərbaycan regionda qarşıdurma və gərginlik mühitinin aradan qaldırılmasını, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin qurulmasını, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını vacib hesab edir. Mövzu ilə bağlı millət vəkili Soltan Məmmədov deyib:
"Bu gün Azərbaycan həm region ölkələri ilə, həm də dünyada böyük iqtisadi layihələrdə iştirak etməklə bərabər, bu gün regionun təhlükəsizliyinə böyük töhfə verən bir ölkədir. Bu gün Azərbaycan həm öz təhlükəsizliyində, həm də regionun təhlükəsizliyində maraqlı olan bir ölkədir. Biz bu gün həm sərhədlərimizin qorunması, həm də xaricdən olan ideoloji təsirlərə cavab verməkdən ötrü uğurlu daxili və xarici siyasət həyata keçiririk."
Azərbaycanın qlobal səviyyədə sülh və sabitliyə töhfəsi çoxtərəfli diplomatiya müstəvisində də özünü göstərir. Ölkəmiz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirak edir. Bu təşkilatlar çərçivəsində siyasi dialoqun genişləndirilməsi, dövlətlər arasında qarşılıqlı hörmətin təşviqi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindəndir.
Beləliklə, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri regional və qlobal proseslər arasında əlaqə yaratmaq, müxtəlif tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək və milli maraqları beynəlxalq məsuliyyətlə uzlaşdırmaqdır.
Nəticə etibarilə, Azərbaycanın xarici siyasəti güclü dövlətçilik, müstəqil qərarvermə, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri üzərində qurulub. Ölkəmizin regional sülh təşəbbüsləri, enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələr, çoxtərəfli diplomatiyadakı fəallığı göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də bu proseslərin istiqamətinə təsir göstərən mühüm aktorlardan biridir.