Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi dövlətçilik tariximizin ən mühüm və strateji əhəmiyyətli layihələrindən biridir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt əsasında Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir.

 

Bu gün azad edilən ərazilərdə həyata keçirilən layihələr miqyasına və əhatə dairəsinə görə Azərbaycanın müasir inkişaf tarixində xüsusi yer tutur. Yeni yaşayış kompleksləri, avtomobil yolları, tunellər, körpülər, elektrik və su təchizatı sistemləri, məktəblər, xəstəxanalar, sosial və mədəniyyət obyektləri inşa edilir. Şəhər və kəndlərin müasir urbanistik prinsiplər əsasında yenidən qurulması, ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi bu ərazilərin gələcək inkişaf modelini formalaşdırır.

Böyük Qayıdışın əsas prioritetlərindən biri keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsidir. Artıq bir sıra şəhər və kəndlərdə həyat yenidən canlanıb. Şuşa, Laçın, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl və digər yaşayış məntəqələrinə qayıdan insanlar öz evlərində məskunlaşır, sosial həyata qoşulur, yeni fəaliyyət sahələrində çalışmağa başlayırlar.

Artıq Qarabağ və Şərqi Zəngəzurun iqtisadi xəritəsi də yenidən formalaşır. Ağdam Sənaye Parkı, Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası, Zəngilandakı Dost Aqropark və digər layihələr regionun istehsal və kənd təsərrüfatı potensialının reallaşdırılmasına xidmət edir. Yeni müəssisələrin yaradılması, sənaye və emal sahələrinin inkişafı əhalinin məşğulluğuna, yerli iqtisadiyyatın canlanmasına və bölgələrin ölkə iqtisadiyyatına inteqrasiyasına imkan verir.

Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat-logistika imkanlarının genişləndirilməsi də strateji əhəmiyyət daşıyır. Yeni avtomobil yolları, dəmir yolu xətləri və beynəlxalq hava limanları bu ərazilərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. Eyni zamanda, regionun turizm potensialının inkişafı, tarixi və mədəni abidələrin bərpası, ekoturizm imkanlarının genişləndirilməsi gələcək iqtisadi inkişaf üçün yeni perspektivlər açır.

Noyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köçün həyata keçirilməsi prosesin davamlı xarakter daşıdığını bir daha göstərir. Bu mərhələdə Soltanlı kəndinə 16 ailə, Cahangirbəyli kəndinə isə 19 ailə köçürülüb. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır.

Bu, Böyük Qayıdışın coğrafiyasının genişləndiyini və yeni yaşayış məntəqələrində həyatın bərpa olunduğunu nümayiş etdirir.