Avropanın siyasi gələcəyinin və təhlükəsizlik arxitekturasının müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biri – Avropa Siyasi Birliyinin 9-cu Zirvə Görüşü İrlandiyanın paytaxtı Dublində keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Dövlət başçısının sammitdə iştirakı Azərbaycanın Avropa ilə siyasi dialoqunun, qarşılıqlı tərəfdaşlıq münasibətlərinin və regional proseslərdə artan rolunun göstəricisidir. Çünki bu gün Azərbaycan Avropa üçün yalnız enerji resursları ixrac edən ölkə deyil. Ölkəmiz qitənin enerji təhlükəsizliyinin təmin olunmasında, təchizat mənbələrinin şaxələndirilməsində və yeni nəqliyyat-logistika marşrutlarının formalaşmasında mühüm tərəfdaşlardan birinə çevrilib. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması bu əməkdaşlığın konkret nəticəsidir. Mövzu ilə bağlı millət vəkili Tural Gəncəliyev deyib:
“Azərbaycan və Cənubi Qafqaz - Xəzər hövzəsi olmadan Avropada nə siyasi bir təhlükəsizlikdən, nə vahid Avropadan danışmaq mümkün deyildir, nə də transport və kommunikasiya xətləri haqqında danışmaq mümkün deyildir. Məhz Azərbaycanın Xəzər üzərindən mərkəzi Asiyaya açılan bir qapı olması Avropa tərəfindən qəbul edilir. Hal-hazırda məlumdur ki, Xəzər dənizi orta dəhliz korridoru üzərindən dünyanın ən əsas arteriyası qurulur, inkişaf edir, inşa olunur”.
Qeyd edək ki, dövlət başçısı “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak edib. Həmçinin zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski və Moldova Prezidenti Maya Sandu, həmçinin Bolqarıstanın Baş naziri Rumen Radev, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Çexiyanın Baş naziri Andrey Babiş, Rumıniya Prezidenti Nikuşor Dan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Litva Respublikasının Prezidenti Gitanas Nauseda və Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə də görüşüb.
Eyni zamanda Dublin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşü olub. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar əsasında sülh gündəliyinin irəlilədilməsi məsələlərini müzakirə ediblər. Söhbət zamanı sərhədlərin delimitasiyası, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətləri və etimad quruculuğu tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. TRIPP marşrutunun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, eləcə də Azərbaycan ərazisindən Ermənistana yük daşımalarının davam etdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Nəticə etibarilə, Dublin sammiti çərçivəsində keçirilən çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişliyini, regional və qlobal məsələlərdə fəal iştirakını bir daha nümayiş etdirir.