Dublin sammiti çərçivəsində keçirilən görüşlər arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə təmas və imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Baş nazir Endi Börnhem sənədi imzalayaraq Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsini rəsmiləşdiriblər.
Əslində, iki ölkə arasında əməkdaşlığın möhkəm təməlləri uzun illər əvvəl formalaşıb. 1994-cü ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci ildə qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Xüsusilə enerji sahəsində 30 ildən artıq davam edən əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən birinə çevrilib. Böyük Britaniya bu gün Azərbaycanın ən iri Avropa investorudur. Britaniya şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakı, enerji infrastrukturuna yatırımları bu tərəfdaşlığın iqtisadi əsasını təşkil edir.
Yeni Birgə Bəyannamə isə əməkdaşlığın coğrafiyasını və sahələrini daha da genişləndirir. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya üç əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib. Tərəflər müdafiə sənayesi, hərbi kadrların hazırlanması, təhlükəsizlik sahəsində təcrübə mübadiləsi, Orta Dəhlizin inkişafı, bərpaolunan enerji, yaşıl maliyyələşmə və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bəyan ediblər.
Beləliklə, Dublin görüşü və imzalanan Birgə Bəyannamə Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin gələcək inkişafı üçün yeni siyasi və iqtisadi əməkdaşlıq mexanizmləri formalaşdırır.