İqlim dəyişmələri ilə mübarizə artıq ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın qarşısında dayanan əsas çağırışlardan biridir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, maliyyə mexanizmlərinin formalaşdırılması və konkret öhdəliklərin icrası BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfranslarının əsas müzakirə mövzularıdır.

 

Azərbaycanın bu prosesdə iştirakı isə COP29-a ev sahibliyi ilə yeni mərhələyə qədəm qoydu. Bakı 2024-cü ildə dünyanın diqqətini iqlim gündəliyinə yönəldən beynəlxalq platformaya çevrildi. 200-ə yaxın ölkənin nümayəndələrini bir araya gətirən COP29 Azərbaycanın beynəlxalq təşkilatçılıq imkanlarını nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal iqlim müzakirələrində iştirakını da genişləndirdi.

COP29-un nəticələri isə yalnız təşkilati göstəricilərlə məhdudlaşmadı. Bakı konfransında iqlim maliyyələşdirilməsi ilə bağlı yeni kollektiv hədəf razılaşdırıldı. Belə ki, inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün ayrılan maliyyənin 2035-ci ilədək illik 300 milyard dollara çatdırılması, ümumi maliyyə axınının isə illik 1,3 trilyon dollara qədər artırılması istiqamətində razılıq əldə olundu. Bundan başqa, Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarlarının fəaliyyət mexanizmlərinin razılaşdırılması da Bakı konfransının mühüm nəticələrindən biri oldu.

“Azərbaycanın ev sahibliyi dönəmində yeni standartlar formalaşdı. Həm COP30-un təşkilinə Azərbaycan töhfə verdi, eyni zamanda COP31-in təşkili proseslərinə də Azərbaycan fəal dəstək verdi ki, nəticə etibarilə əsas məqsəd iqlim dəyişikliklərinə qarşı birgə mübarizədə Azərbaycan artıq lider dövlətlərdən birinə çevrildi”.

İndi isə Azərbaycan COP31 çərçivəsində bu təcrübəni beynəlxalq iqlim diplomatiyasının növbəti mərhələsinə daşıyır. Prezident İlham Əliyev noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində iştirak edib.

COP31-in əsas istiqamətlərindən biri iqlim sahəsində qəbul edilən qərarların icrası, enerji keçidinin sürətləndirilməsi və əldə olunan razılaşmaların konkret nəticələrə çevrilməsidir. Bu baxımdan COP29-da formalaşan təcrübə, xüsusilə iqlim maliyyələşdirilməsi, beynəlxalq dialoq və çoxtərəfli əməkdaşlıq sahəsində əldə olunan nəticələr Azərbaycanın builki konfransda iştirakının da mühüm kontekstini təşkil edir.

Beləliklə, COP31-də dövlət başçısının iştirakı isə Bakıda əldə olunan təcrübənin davamlı beynəlxalq əməkdaşlıq müstəvisində təqdim olunması və iqlim dəyişmələri ilə mübarizəyə dair müzakirələrdə ölkəmizin mövqeyinin ifadəsi baxımından əhəmiyyət daşıyır.