Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Uzun illər işğal altında qalmış, yaşayış məntəqələri və infrastrukturu dağıdılmış ərazilərdə bu gün genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu proses yalnız şəhər və kəndlərin yenidən qurulması deyil, həm də əhalinin doğma yurdlarına qayıdışının, iqtisadi fəallığın bərpasının və regionun ölkənin vahid iqtisadi məkanına inteqrasiyasının təmin edilməsidir.

 

Qarabağ və Şərqi Zəngəzurda quruculuq siyasətinin miqyası bu istiqamətə ayrılan maliyyə vəsaitlərində də özünü göstərir. Prezident İlham Əliyevin açıqladığı məlumata görə, indiyədək bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb. İşlərin Azərbaycanın öz maliyyə imkanları hesabına aparılması ölkənin resurslarını milli inkişaf prioritetlərinə uyğun səfərbər etmək imkanlarını nümayiş etdirir.

Böyük Qayıdış prosesi bu strategiyanın əsas istiqamətlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə yaşayış evləri ilə yanaşı, məktəblər, səhiyyə müəssisələri, yollar və digər zəruri infrastruktur obyektləri yaradılır. Məlumata görə, 300 min hektardan çox ərazinin mina və partlayıcı sursatlardan təmizləndiyi, 47 yaşayış məntəqəsinə 40 mindən çox insanın qayıtdığı bildirilir. Ümumilikdə isə bu gün Qarabağda 90 mindən çox insan yaşayır, işləyir, oxuyur. Bu göstəricilər qayıdışın miqyasını ifadə etməklə yanaşı, təhlükəsiz yaşayış mühitinin yaradılmasının nə qədər mühüm olduğunu da göstərir.

Nəqliyyat infrastrukturunun inkişafı da regionun gələcək iqtisadi potensialı baxımından xüsusi əhəmiyyət daşıyır. Mövcud məlumatlara əsasən, azad edilmiş ərazilərdə təxminən 1 500 kilometr avtomobil yolu tikilib, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib. Horadiz–Ağbənd dəmir yolu xəttinin inkişafı isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat bağlantılarının genişləndirilməsi və regional marşrutlara çıxış baxımından mühüm istiqamətdir. Bu infrastrukturun iqtisadi səmərəsi daşımaların, ticarətin və investisiya imkanlarının genişlənməsi ilə daha aydın görünəcək.

Bərpa prosesinin digər mühüm istiqaməti ekoloji tarazlığın qorunması və yaşıl enerjinin inkişafıdır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi formalaşdırılması çərçivəsində ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilib. Bununla yanaşı, işğal dövründə 54,3 min hektar meşə sahəsinin məhv edildiyi, indiyədək 600 hektar meşə fondunun bərpa olunduğu bildirilir. Bu göstəricilər ekoloji bərpanın uzunmüddətli və ardıcıl fəaliyyət tələb etdiyini göstərir.

Quruculuq işləri tarixi-mədəni irsin qorunmasını da əhatə edir. Dağıdılmış tarixi və dini abidələrin bərpası, şəhər və kəndlərin tarixi simasının qorunması, mədəni həyatın canlandırılması regionun mənəvi yaddaşının yaşadılması baxımından vacibdir.

Qarabağın dirçəlişi, nəticə etibarilə, dağıntıların aradan qaldırılmasından daha geniş məna daşıyır. Söhbət azad edilmiş ərazilərin təhlükəsiz, yaşayış üçün əlverişli, iqtisadi cəhətdən fəal və gələcək nəsillər üçün dayanıqlı inkişaf məkanına çevrilməsindən gedir.