Dövlətlər arasında münasibətlərin möhkəmliyi yalnız siyasi dialoq və qarşılıqlı dəstəklə deyil, həm də bu əlaqələrin konkret iqtisadi nəticələrə çevrilməsi ilə ölçülür. Azərbaycanla Laos arasında münasibətlərin hazırkı mərhələsi də məhz bu baxımdan diqqət çəkir. Otuz ildən artıqdır davam edən diplomatik əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəylik və formalaşmış dostluq ənənələri əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün etibarlı zəmin yaradır. İndi əsas hədəf bu siyasi yaxınlığı iqtisadi tərəfdaşlıqla daha da möhkəmləndirməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər də münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Dövlət başçılarının görüşlərində ticarət, investisiya, nəqliyyat, energetika, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. İmzalanmış Birgə Bəyanat isə bu istiqamətlər üzrə gələcək fəaliyyətin əsas çərçivəsini müəyyənləşdirir.
Siyasi əlaqələrin mövcud səviyyəsi iqtisadi əməkdaşlığın daha geniş miqyas almasını zəruri edir. Tərəflər də hesab edirlər ki, hazırkı ticarət dövriyyəsi iki ölkənin potensialını tam əks etdirmir. Bu baxımdan, əsas məqsəd qarşılıqlı maraqları real layihələrə çevirmək, biznes dairələri arasında əlaqələri gücləndirmək və yeni investisiya imkanları yaratmaqdır.
Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunun genişlənməsinə diqqət çəkərək deyib:
“Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır. Ona görə eyni yanaşmanı biz ikitərəfli formatda da etmək fikrindəyik, yenə də deyirəm, konkret layihələr bizə təqdim olunarsa”.
İkitərəfli əməkdaşlığın perspektivləri investisiya və ticarətlə məhdudlaşmır. Nəqliyyat və logistika sahəsində də yeni imkanlar mövcuddur. Azərbaycanın əlverişli coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat infrastrukturu ölkənin beynəlxalq yükdaşımalar sistemində rolunu gücləndirir. Bu gün əsas məsələ mövcud imkanlardan daha səmərəli istifadə etmək, yeni yük mənbələri cəlb etmək və beynəlxalq marşrutlar üzrə daşımaların həcmini artırmaqdır.
Azərbaycanın nəqliyyat-logistika sahəsində əldə etdiyi nəticələrə və qarşıdakı mərhələnin əsas hədəflərinə toxunan Prezident İlham Əliyev ölkədə həyata keçirilən layihələrlə bağlı deyib:
“Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq”.
Beləliklə, Azərbaycanla Laos arasında münasibətlər ənənəvi dostluq və siyasi həmrəylik müstəvisindən daha geniş iqtisadi tərəfdaşlıq modelinə doğru inkişaf etmək potensialına malikdir. Siyasi iradənin mövcudluğu, əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və konkret layihələrə maraq bu proses üçün əlverişli zəmin yaradır.