Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən panel müzakirə bölgələrdə təşkil olunan silsilə müzakirələrin 25-cisi olub. Ötən ildən etibarən 12 iqtisadi rayon üzrə 24 panel müzakirənin keçirildiyi, Ağdamda təşkil olunan müzakirənin isə sayca 25-ci panel olduğu qeyd edilib.

Paneldə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “Agro Dairy” MMC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Niyazi Əmirbəyov, “Azərşəkər” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Nəsib İslamzadə iştirak ediblər.

Müzakirə zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ilə müəyyən edilmiş əsas hədəflər və bu hədəflərin reallaşdırılması istiqamətində dövlət tərəfindən tətbiq olunan dəstək mexanizmləri nəzərdən keçirilib.

Paneldə, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar, Ağdamda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, rayonun aqrar potensialı və sahibkarların regiona cəlb edilməsi məsələləri müzakirə olunub.

Müzakirənin digər əsas istiqamətini dövlət-özəl sektor əməkdaşlığı təşkil edib. Özəl sektor nümayəndələri Dövlət Proqramının hədəflərinə töhfə vermək istiqamətində həyata keçirdikləri və planlaşdırdıqları işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat veriblər.

Panelin yekununda dövlət dəstəyi mexanizmləri, işğaldan azad edilmiş ərazilərin aqrar potensialının reallaşdırılması, özəl sektorun iştirakı və yeni əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.