Oktyabrın 8–11-də III Beynəlxalq Xankəndi Ultramarafonu keçiriləcək.

 

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və BŞH-nin birgə təşkilatçılığı ilə keçiriləcək ultramarafona Qəbələ şəhərindən start veriləcək.

İştirakçılar 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Yarışda 5 ölkədən 100 atletin iştirakı gözlənilir.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.

Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (55 kilometr), Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr) və Ağdam–Xankəndi (28 kilometr). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu yenidən Qəbələ–Xankəndi marşrutu üzrə keçiriləcək.