Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi, iqtisadi inkişaf dinamikası və son illərdə həyata keçirilən iri layihələr ölkənin xarici investisiyalar üçün cəlbediciliyini artıran əsas amillər sırasındadır. Bu potensialın beynəlxalq biznes dairələrinə təqdim olunması isə yeni kapitalın cəlb edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Azərbaycanın investisiya potensialını müəyyən edən mühüm üstünlüklərdən biri onun Avropa ilə Asiya arasında yerləşən əlverişli geostrateji mövqeyidir. Mövzu ilə bağlı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyir:

“Azərbaycan əlverişli strateji coğrafi mövqeyə malikdir. Biz Şərq və Qərbin arasında yerləşən ölkə kimi transmilli logistika və ambarlama layihələrində artıq iştirak edirik və düşünürük ki, burada böyük bir potensial var. Və burada strateji investorların cəlbi üçün çox böyük imkanlar var”.

Eyni zamanda son illərdə nəqliyyat infrastrukturuna yönəldilən investisiyalar və regional bağlantıların gücləndirilməsi ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanın beynəlxalq logistika xəritəsində rolunu gücləndirməklə yanaşı, nəqliyyat və logistika sektoruna yeni investisiyaların cəlb olunması üçün əlavə imkanlar yaradır.

Bu imkanlar yalnız tranzit daşımaları ilə məhdudlaşmır. Nəqliyyat dəhlizlərinin inkişafı ətrafında logistika mərkəzlərinin, sənaye müəssisələrinin, anbar və xidmət infrastrukturlarının formalaşması üçün də yeni perspektivlər açır. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi iqtisadiyyatın müxtəlif sahələri üçün əlavə biznes imkanlarına çevrilə bilər.

İnvestisiya potensialının digər mühüm istiqaməti iqtisadiyyatın şaxələndirilməsi ilə bağlıdır. Azərbaycan uzun müddət enerji sektorunda formalaşdırdığı təcrübə və infrastrukturdan istifadə etməklə qeyri-neft sahələrində də yeni investisiya imkanlarını genişləndirir. Bərpaolunan enerji, kənd təsərrüfatı, turizm, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat, sənaye və şəhər infrastrukturu kimi istiqamətlər xarici kapital üçün perspektivli sahələr sırasında yer alır. Xüsusilə yaşıl enerji sektorunda formalaşan yeni layihələr Azərbaycanın investisiya gündəliyində mühüm yer tutur.

Nəticə etibarilə, Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu, enerji və qeyri-enerji sektorlarındakı imkanları, eləcə də regional əməkdaşlıq potensialı ölkənin investisiya xəritəsində mövqeyini möhkəmləndirən əsas amillərdir.