Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Hökuməti ilə Xorvatiya Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasında iştirak etmək məqsədi ilə Xorvatiyada səfərdədir.

 

Nazirlikdən bildirilib ki, Zaqreb şəhərində mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar arasında ikitərəfli görüş keçirilib.

Xorvatiyalı nazir iki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Xorvatiya-Azərbaycan əlaqələri çoxşaxəlidir və son illərdə dinamik şəkildə inkişaf edir.

Mədəniyyət naziri Adil Kərimli diqqətə çatdırıb ki, Azərbaycan və Xorvatiya arasında münasibətlər möhkəm dostluq əlaqələri, qarşılıqlı hörmət və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə dair ortaq maraq əsasında inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç arasında müntəzəm təmaslar, eləcə də müxtəlif beynəlxalq platformalar çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün güclü siyasi zəmin yaradır.

Adil Kərimli Birgə Komissiyanın 2024-cü ildə Bakıda keçirilən 3-cü iclasında müxtəlif istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işlərin həyata keçirildiyini və bu istiqamətdə fəaliyyətin davam etdirildiyini bildirib. Söhbət zamanı Azərbaycan-Xorvatiya əməkdaşlığının müxtəlif sahələr üzrə geniş perspektivlərə malik olduğu vurğulanıb.