Biz tərəfdaşlığın inkişafına xüsusi önəm veririk. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi miqyasda bir çox sahələrimiz var. Üzv dövlətlərimizin ticarət dövriyyəsi 1,2 trilyon dollar təşkil edir. Əgər ÜDM-lərimizi birləşdirsək, bu, dünyada 12-ci, enerjiyə görə isə 6-cı pillə deməkdir.

 

Bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev CAMCA Regional Forumunda deyib.

TDT Baş katibi bildirib ki, nəqliyyat və infrastruktur sahəsində Orta Dəhlizin inkişafı, Türk İnvestisiya Fondunun yaradılması və rəqəmsal gömrük inteqrasiyası kimi təşəbbüslərdə iştirak etmək Avropa və Asiya iqtisadiyyatları arasında ticarət, nəqliyyat əlaqələrinin gücləndirilməsinə, eləcə də Avropada uzunmüddətli iqtisadi sabitliyin dəstəklənməsinə töhfə verə bilər.

“2025-ci ildə Orta Dəhliz boyunca təxminən 4,7 milyon ton yük daşınıb. Bu da o deməkdir ki, cəmi 4 illik dövr ərzində Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 8 dəfə artıb. Həmçinin Çindən Orta Dəhliz boyunca gələn blok qatarların sayı 2025-ci ildə 37 faiz artaraq 392 reysə çatıb. Zəngəzur dəhlizi də yalnız Azərbaycan və ya Ermənistan üçün deyil, Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir. Başqa bir layihə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu marşrutudur ki, bu da çox vacibdir. Hər iki layihə reallaşdıqdan sonra illik daşıma həcmi 15 milyon ton artacaq”, - Kubanıçbek Ömüralıyev əlavə edib.