Qarabağ və Şərqi Zəngəzurda müharibənin izlərini silən, dağıntıların yerində yeni yaşayış məkanları yaradan böyük quruculuq prosesi davam edir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər yalnız ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı. Qarşıda daha böyük və uzunmüddətli vəzifə, azad edilmiş torpaqlarda həyatın yenidən qurulması və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi dayanırdı.

 

Bu məqsədlə son illərdə Qarabağ və Şərqi Zəngəzurda yol və enerji infrastrukturu yenilənir, yaşayış kompleksləri, sosial obyektlər, məktəblər və xəstəxanalar inşa olunur. Bir vaxtlar dağıntılarla xatırlanan yaşayış məntəqələrinin yerində müasir şəhər və kəndlər formalaşır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yeni yaşayış məkanları Böyük Qayıdışın əsas dayaqlarından birinə çevrilir.

Nazirlər Kabinetinin sentyabrın 24-də 2027-ci ilin dövlət və icmal büdcə layihələrinə həsr olunmuş iclasında səsləndirilən məlumatlar isə bu prosesin növbəti mərhələdə də geniş miqyasda davam etdiriləcəyini göstərir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası hökumətin əsas prioritetləri sırasında qalır. Eyni zamanda 2027–2030-cu illəri əhatə edən yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri hazırlanaraq Prezidentə təqdim edilib.

Bu isə onu göstərir ki, bərpa prosesi 2026-cı illə yekunlaşmır. Əksinə, növbəti mərhələdə əsas diqqət artıq yaradılmış infrastrukturun genişləndirilməsinə, əhalinin məskunlaşmasının sürətləndirilməsinə və Qarabağla Şərqi Zəngəzurun ölkənin iqtisadi sisteminə daha fəal inteqrasiyasına yönələcək.

Rəqəmlər də prosesin miqyasını ortaya qoyur. Bu günədək işğaldan azad edilmiş ərazilərdə 47 yaşayış məntəqəsinə – 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda həmin ərazilərdə 93 mindən çox insan yaşayır, işləyir və təhsil alır.

2020-ci ildən 2026-cı il də daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına dövlət büdcəsindən 25 milyard manatdan artıq vəsait yönəldilib. Növbəti il üçün isə daha 3,4 milyard manatın ayrılması nəzərdə tutulur.

Bu vəsait yalnız tikinti layihələrinin maliyyələşdirilməsi deyil. Qarabağda yeni iqtisadi mühitin yaradılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, enerji təminatının gücləndirilməsi, sosial infrastrukturun qurulması və insanların burada dayanıqlı şəkildə yaşaması üçün şəraitin formalaşdırılması deməkdir.