Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib.
Bu sözləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi deyib.
O bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin nailiyyətləridir. Azərbaycan Türkiyə və Avropa üçün təbii qazın əsas tədarükçülərindən birinə çevrilib. Ölkə böyük inkişaf yolu keçib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri geri qaytarılıb və sülh müqaviləsinin paraflanması həyata keçirilib. Azərbaycan ABŞ, Avropa, Türkiyə ilə çox güclü əlaqələr qurub, Çin və Rusiya ilə əlaqələr inkişaf edir. COP29-a ev sahibliyi edib. “Ona görə də Azərbaycan xalqı İlham Əliyevi 5 dəfə Prezident seçib. Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim”, - deyə Adebayo Oqunlesi bildirib.