Dünyada təhlükəsizlik mühiti sürətlə dəyişir. Geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və yeni təhdidlərin meydana çıxması beynəlxalq təhlükəsizliyin təmin olunmasını daha da aktuallaşdırır. Bu məsələlər Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumunda əsas müzakirə mövzularındandır.
“Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda keçirilən Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirir.
Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində bildirib ki, müasir dünyada təhlükəsizlik çağırışlarının miqyası və xarakteri dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Dövlət başçısı terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi kimi transsərhəd təhdidlərin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Prezidentin müraciətində müasir texnologiyaların, o cümlədən süni intellektin bədniyyətli istifadəsinin yaratdığı risklərə də diqqət çəkilib. Qeyd olunub ki, rəqəmsal imkanlardan terrorçuluq məqsədləri üçün istifadə radikal ideyaların yayılmasına və terror şəbəkələrinin fəaliyyət imkanlarının genişlənməsinə şərait yarada bilər.
Bu şəraitdə yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyənləşdirmək və onların qarşısını vaxtında almaq vacibdir. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında məlumat mübadiləsinin və koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bakı Təhlükəsizlik Forumu da məhz bu baxımdan beynəlxalq dialoqun və əməkdaşlığın inkişafına xidmət edən mühüm platformadır. Forum çərçivəsində aparılan müzakirələr qlobal təhlükəsizlik çağırışlarına qarşı yeni yanaşmaların və daha effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına yönəlib.