Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan 148 nəfərdən ibarət 24 ailəyə evlərinin açarları təqdim olunub.
Səhər saatlarında yola salınan ailələr kənddə qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan ailələr əvvəllər respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Qeyd edək ki, Şükürbəyli kəndi müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb.
İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.