Oktaybrın 24–30-da Azərbaycanda ilk dəfə təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalının əsas təfərrüatları bəlli olub.

 

Milli Assosiasiyadan bildirilib ki, FIFA və AFFA-nın birgə təşkilatçılığı ilə baş tutacaq bu mötəbər turnir beynəlxalq futbol təqvimində yeni bir ənənənin əsasını qoyacaq.

Dünyanın müxtəlif ölkələrindən 3000-dən çox gənc futbolçu, məşqçi və rəsmi nümayəndənin iştirak edəcəyi turnir bütün FIFA üzv assosiasiyalarına açıqdır. Yarış çərçivəsində altı oyun günü ərzində Hövsan Yarış Kompleksində 1000-ə yaxın qarşılaşma keçiriləcək. Turnirin açılış oyunu və 30 oktyabr tarixində keçiriləcək final matçı isə Bakı Kristal Zalında baş tutacaq.

Turnirdə futbolçuların inkişafını və oyun təcrübəsini artırmaq məqsədilə hər hissəsi 20 dəqiqə davam edən innovativ 8x8 formatından istifadə olunacaq. Meydançanın ölçüləri 68 × 47 metr, qapılar isə tamölçülü (7,32 × 2,44 metr) olacaq. Yarışda 2011-2012-ci il təvəllüdlü futbolçular mübarizə aparacaqlar. Formatın özəlliyi ondan ibarətdir ki, heç bir komanda erkən mərhələdə mübarizəni dayandırmır və təsnifat matçlarından sonra altı fərqli performans səviyyəsində son günədək mübarizəni davam etdirir. A səviyyəsində qalib gələn komanda turnirin çempionu elan olunacaq.

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə direktoru Arsen Venger turnirin futbolun inkişafına verə biləcəyi töhfənin əhəmiyyətini vurğulayıb: “İstedad hər yerdə var, lakin gənc futbolçuların özlərini beynəlxalq səviyyədə sınamaq üçün hər zaman belə fürsətləri olmur. Bu turnirin məqsədi məhz onlara belə bir imkan yaratmaqdır. Dünyanın müxtəlif ölkələrindən U-15 komandalarını bir araya gətirməklə futbolçulara beynəlxalq oyun təcrübəsi qazandıra, onları fərqli oyun üslubları və futbol mədəniyyətləri ilə tanış edə, rəqabət mühiti vasitəsilə öyrənmələrinə və inkişaf etmələrinə şərait yarada bilərik”.

Venger FIFA U-15 Dünya Çempionatı və Festivalının bir çox istedadlı gənclərin həyatına uzunmüddətli təsir göstərəcəyini də bildirib: “Futbol gənclər səviyyəsində dünyanı həqiqətən də bir araya gətirə bilər. Müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan gənc futbolçuları bir araya gətirmək, onlara rəqabətdən daha geniş bir təcrübə qazandırır, eyni zamanda üzv assosiasiyaları onların inkişafına davamlı olaraq sərmayə qoymağa təşviq edir”.

Tədbirin təşkilinə 250 könüllü cəlb olunacaq və artıq “volunteer.fifa.com” saytında müraciətlərin qəbuluna start verilib.

Qeyd edək ki, qızlar arasında ilk turnirin gələn il keçirilməsi planlaşdırılır. 2028-ci ildən etibarən isə həm qızlar, həm də oğlanlar arasında turnirlərin hər il keçirilməsi nəzərdə tutulur.