Moldovanın Qaqauziya Muxtar Ərazi Birliyinin Kirsovo kəndində Dmitri Kara Çoban adına Milli Qaqauz Tarix-Etnoqrafiya Muzeyinin 60 illik yubileyinə həsr olunmuş “Zamanın qopmaz ipi: əsrlərin əlaqəsi və muzeylərin mirası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Azərbaycan Milli Xalça Muzeyindən bildirilib ki, konfransın rəsmi açılışında Qaqauziya Mədəniyyət Baş İdarəsinin rəisi Marina Semyonova, akademik, yazıçı, tədqiqatçı, tərcüməçi Todur Zanet, Moldova Milli Etnoqrafiya və Təbiət Tarixi Muzeyinin baş direktoru Petru Vikol, Milli Qaqauz Tarix-Etnoqrafiya Muzeyinin direktoru Lüdmila Marin çıxış ediblər.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə reallaşan tədbirdə ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova təmsil edib. O, konfransın “Türk dünyasının mədəni irsi: araşdırılması, qorunması və inkişafı” adlı I panelində “Xalçaların sizi xoşbəxt etməsinin 10 səbəbi” adlı məruzə ilə çıxış edib.
Konfransın II paneli “Muzeylərin kolleksiyaları: keçmişi qoruyub, gələcəyə yol açırıq” mövzusuna həsr olunub. Elmi-praktik konfransa Moldova, Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdən elm və mədəniyyət sahəsinin nümayəndələri, mütəxəssislər qatılıblar.
Tədbirdə Türk dünyasının mədəni irsinin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi, muzey kolleksiyalarının mühafizəsi və muzeylərin cəmiyyətin mədəni yaddaşının qorunmasında rolu ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.