Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi mərhələli şəkildə davam edir. İşğaldan azad edilmiş ərazilərdə illərlə dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, müasir şəhər və kəndlər salınır, insanların təhlükəsiz və rahat şəkildə öz doğma yurdlarına qayıdışı təmin olunur.

 

Burada görülən işlər yalnız tikinti və abadlıq layihələri ilə məhdudlaşmır. Yeni yolların çəkilməsi, elektrik, qaz və su təchizatının yaradılması, məktəb və tibb müəssisələrinin, sosial və ictimai obyektlərin istifadəyə verilməsi ilə Qarabağ və Şərqi Zəngəzurda normal həyatın bərpası üçün bütün zəruri şərait formalaşdırılır.

Artıq bu proses konkret nəticələrlə müşayiət olunur. Vaxtilə insan həyatının tamamilə dayandığı, dağıntılar içində qalan yaşayış məntəqələrində bu gün yenidən həyat canlanır. İnsanlar öz evlərinə qayıdır, uşaqlar məktəbə gedir, yeni sosial və iqtisadi imkanlar yaranır.

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Böyük Qayıdış prosesinin miqyasına diqqət çəkib. Qarabağ və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanların yaşadığını bildirib.

“Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq.”

Əlbəttə, bu göstərici azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin real nəticəsini əks etdirir. Hər bir yeni yaşayış məntəqəsinin bərpası, bir ailənin doğma evinə qayıdışı həm də uzun illər davam edən həsrətin sona çatması deməkdir.

Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, ərazilərin iqtisadi potensialının bərpasına da xüsusi diqqət yetirilir. Sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələr üzrə layihələr bölgənin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.

Beləliklə, Böyük Qayıdış təkcə insanların öz doğma torpaqlarına qayıtması deyil. Bu proses eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, iqtisadi və sosial həyatın canlandırılması, həmin ərazilərin müasir və dayanıqlı inkişaf məkanına çevrilməsi prosesidir.