Everest zirvəsinə qalxmış Azərbaycanın qadın alpinisti Vəfa Musayevaya həsr olunmuş “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Vəfa Musayevanın Azərbaycan qadınının gücünü hər kəsə göstərdiyini bildirib.
Nazir qeyd edib ki, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanıb. O, idmançılar və gənclərə nümunə olan insanlar haqqında bir neçə filmin artıq çəkildiyini diqqətə çatdırıb.
F.Qayıbov Vəfa Musayevanın Everest zirvəsini fəth etməklə onlarla, yüzlərlə Azərbaycan gənc qadınına nümunə olduğunu vurğulayıb: “Filmdə də görəcəksiniz ki, bu, heç də asan bir iş deyil. Amma Vəfa xanım bu nümunəsi ilə onlarla, yüzlərlə Azərbaycan gənc qadınına nümunə oldu və olacaq”.
Nazir bildirib ki, Gənclər və İdman Nazirliyi belə idmançılara hər zaman dəstək olur və bundan sonra da dəstəyini davam etdirəcək. O, Vəfa Musayevanın ötən il “Tərəqqi” medalı ilə təltif olunduğunu da xatırladıb.
Filmdə Vəfa Musayeva uşaqlıq xatirələrindən, Cəbrayıl rayonunun Balyand kəndində keçirdiyi illərdən danışıb. O, uşaqlıqdan yüksək yerlərdə olmağa xüsusi maraq göstərdiyini qeyd edib. Alpinist bildirib ki, kənddə digər qızlar evcik oynayarkən, o, qayaların üzərində oturaraq ətrafı və kəndi müşahidə etməyi sevib: “Uşaqlıqda bütün uşaqlar, əslində, mənim kimi qızlar kəndin evə daha yaxın olan tərəflərində öz gəlincikləri ilə oynayanda, onların saçlarını hörəndə mən çox yaxşı xatırlayıram ki, həmin qayanın üzərində otururdum və dağların, təpələrin arasında yerləşən kəndimizə baxırdım. O yüksəklikdə olmaq mənə o qədər xoş idi ki, çünki mən oradan hər şeyi görə bilirdim”.
O, yaxın zamanda Cəbrayıla və Balyand kəndinə səfəri zamanı uşaqlıqda üzərində oturduğu qayaya yenidən qalxdığını deyib. V.Musayeva filmdə alpinist olmağın çətinliklərindən də bəhs edib. O, dağlarda olarkən özünü daha azad və sərbəst hiss etdiyini, yüksəkliklərin onun üçün xüsusi anlam daşıdığını diqqətə çatdırıb.
Filmdə alpinistin uşaqlıqdan formalaşan xarakterinin və dağlara olan marağının sonrakı həyat yoluna təsiri də əksini tapıb.
Filmin təqdimnatından sonra Azərbaycan Alpinizm Federasiyasının İdarə Heyətinin üzvü Çingiz Tağızadə Vəfa Musayevanın Everest zirvəsinə qalxmasının təkcə onun şəxsi uğuru deyil, Azərbaycan alpinizmi və idmanı üçün də böyük əhəmiyyət daşıdığını söyləyib.
O qeyd edib ki, Everestə qalxmaq böyük fiziki hazırlıqla yanaşı, güclü iradə, səbir, cəsarət və məsuliyyət tələb edir. O, V.Musayevaya çətin və şərəfli yolda uğurlar arzulayıb və Azərbaycan bayrağının dünyanın ən yüksək zirvəsində dalğalandırılacağına inandığını deyib.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev isə V.Musayeva haqqında fikirlərini bölüşməyi özü üçün mənəvi öhdəlik hesab etdiyini bildirib. F.Hacıyev V.Musayeva ilə ilk dəfə ilin sonunda keçirilən idman yekunları tədbirində görüşdüyünü deyib. O, həmin vaxt alpinistə ilk sualının Everestin zirvəsindən nələr görə bildiyi ilə bağlı olduğunu xatırladıb. Rektor özünün də dağlarda böyüdüyünü, uşaqlıq illərinin Kiçik Qafqaz dağlarında keçdiyini bildirib. O, dağlarda böyüməyin insanın fiziki hazırlığına və xarakterinə təsir etdiyini vurğulayıb.
F.Hacıyev V.Musayevanın Azərbaycan qadınının gücünün təcəssümlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, İdman Akademiyasında film bütün tələbələrə nümayiş etdiriləcək və bu, onlar üçün motivasiya mənbəyi olacaq.
Filmin ssenaristi və rejissoru Rüstəm Babazadə hündürlükdən qorxduğunu, lakin filmin montajı zamanı bu fobiyasının aradan qalxdığını deyib. Rejissor V.Musayevanın Everestə getməsi və zirvəni fəth etməsinin onun üçün də xüsusi təəssürat yaratdığını vurğulayıb.