Azərbaycan və Türkiyə arasında münasibətlər bütün sahələrdə olduğu kimi, enerji sektorunda da strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. İllər ərzində həyata keçirilən birgə layihələr iki ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın regional enerji mərkəzinə çevrilməsində və Türkiyənin Avropanın enerji bazarlarında rolunun güclənməsində mühüm amilə çevrilib.
Bakıda keçirilən Azərbaycan–Türkiyə V Enerji Forumu da bu tərəfdaşlığın yeni istiqamətlərinin müzakirəsi baxımından diqqət çəkir. Forum yalnız iki ölkənin enerji gündəliyinin deyil, bütövlükdə regionun enerji gələcəyinin müzakirə edildiyi platformadır.
Azərbaycanın enerji strategiyasında Türkiyənin xüsusi yeri var. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və digər layihələr Azərbaycan enerji resurslarının dünya bazarlarına, xüsusilə də Avropa istiqamətində nəqlinə imkan yaradıb. Bu layihələr eyni zamanda Azərbaycan və Türkiyənin regional enerji xəritəsində mövqelərini daha da gücləndirib.
İndi isə enerji əməkdaşlığının gündəliyi yalnız neft və təbii qazla məhdudlaşmır. Dünyada enerji keçidinin sürətləndiyi, bərpaolunan enerji mənbələrinin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan və Türkiyə arasında yaşıl enerji sahəsində əməkdaşlıq da ön plana çıxır.
Azərbaycanın Xəzər dənizinin enerji potensialından istifadə etməklə böyük həcmdə bərpaolunan enerji istehsal etmək imkanları var. Günəş və külək enerjisi layihələri, xüsusilə dənizdə külək enerjisinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar ölkənin gələcək enerji strategiyasının mühüm hissəsidir.
Bu baxımdan Azərbaycan və Türkiyə arasında enerji tərəfdaşlığının növbəti mərhələsi daha geniş coğrafiyanı əhatə edə bilər. Söhbət yalnız enerjinin istehsalı və nəqlindən deyil, həm də yeni enerji dəhlizlərinin yaradılmasından, elektrik enerjisinin ixracından və yaşıl enerjinin regional bazarlara çıxarılmasından gedir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu da bu prosesə əlavə imkanlar yaradır. Ölkəmizin enerji resurslarının Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması artıq formalaşmış mühüm əməkdaşlıq modelidir. Mövzu ilə bağlı energetika Naziri Pərviz Şahbazov forumda çıxışı zamanı deyib:
“Bizim əməkdaşlığımız eyni zamanda Avropa ittifaqının enerji təhlükəsizliyinə böyük töhvə verir. Məhz Türkiyə üzərindən bizim enerji resurslarımız dünya bazarlarına yayılıb. İstər neft, istər qaz. Son illərdə biz artıq 16 ölkəyə qaz təchizatı həyata keçirmişik. Və bu özü özlüyündə Azərbaycan Türkiyə əlaqələrinin nə qədər intensiv şəkildə inkişaf etməsinin gözəl nümunəsidir”.
Azərbaycan-Türkiyə enerji əməkdaşlığı bununla da yalnız iqtisadi layihələr toplusu deyil. Bu tərəfdaşlıq regional enerji təhlükəsizliyinə, nəqliyyat və logistika əlaqələrinin genişlənməsinə, yeni investisiyaların cəlb edilməsinə və bütövlükdə Türk dünyasının iqtisadi potensialının artmasına təsir edən strateji amildir.
Bakıda keçirilən V Enerji Forumu da məhz bu baxımdan əhəmiyyətlidir. Çünki enerji xəritəsinin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan və Türkiyə artıq mövcud layihələrin nəticələrini deyil, gələcəyin enerji gündəliyini də birlikdə formalaşdırırlar.