Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti yalnız şəhər və kəndlərimizin dağıdılması ilə məhdudlaşmayıb. Bu müddət ərzində Azərbaycanın təbiəti, bioloji müxtəlifliyi, yeraltı və yerüstü sərvətləri də sistemli şəkildə məhv edilib. Beynəlxalq hüquqda ekosid cinayəti kimi qiymətləndirilən bu fəaliyyətlər regionun ekoloji tarazlığına ciddi zərbə vurub.

 

İşğal dövründə ərazilərimizin meşə zolaqları misli görünməmiş vandalizmə məruz qalıb. 60 min hektardan artıq meşə fondu məhv edilib. Ermənistanın hədəfə aldığı ərazilər sırasında nadir fauna və florası ilə seçilən qoruqlar da olub. Dünyada ikinci ən böyük çinar meşəsi hesab olunan Bəsitçay Dövlət Təbiət Qoruğunun böyük hissəsi dağıdılıb. Əsrlik çinar ağacları yandırılıb, yaxud kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib.

Qaragöl Dövlət Təbiət Qoruğu, Arazboyu, Laçın, Qubadlı və Daşaltı yasaqlıqlarında qorunan 70-dən çox flora və 60-dan çox fauna növü məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Qəsdən törədilən yanğınlar nəticəsində 110 min hektardan çox ərazi yararsız vəziyyətə düşüb. Bundan əlavə, torpaqlar kimyəvi maddələr və minalarla çirkləndirilib.

Ermənistanın həyata keçirdiyi ekoloji terror faktları beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib, bununla bağlı müxtəlif qətnamələr qəbul olunub. Lakin vurulan ziyanın miqyası o qədər böyükdür ki, regionun ekoloji tarazlığının tam bərpası üçün uzun illər və böyük resurslar tələb olunur. Azərbaycan dövləti hazırda bu cinayətlərin beynəlxalq müstəvidə hüquqi qiymət alması, eləcə də “Böyük Qayıdış” proqramı çərçivəsində təbiətin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirir.