Azərbaycanın qlobal aktor kimi yüksəlişinin ən mühüm dayaqlarından biri onun enerji siyasətidir. Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan XX əsrin sonlarından etibarən transmilli enerji layihələrinin təşəbbüskarı və aparıcı iştirakçısı kimi çıxış edir. Bakı–Tiflis–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ölkəni Avropanın enerji təhlükəsizliyinin vacib tərəfdaşına çevirib. Xüsusən Cənub Qaz Dəhlizi Azərbaycanın dünya enerji xəritəsində strateji rolunu artırıb, ölkəmizi enerji ixracatçısından enerji siyasətini formalaşdıran aktora çevirib. TANAP və TAP layihələrinin əsas investorlarından biri olan SOCAR vasitəsilə ölkəmiz layihəyə həm maliyyə, həm də logistik baxımdan liderlik edir. Hazırda illik 10 milyard kubmetr qaz ixracı reallaşır. Lakin Prezident İlham Əliyev TANAP-ın ötürücülük qabiliyyətinin 16 milyarddan 32 milyard kubmetrə çatdırılmasını prioritet elan edib.

 

Azərbaycan külək, günəş və hidro enerji baxımından mühüm potensiala malikdir. Xüsusilə Xəzər dənizində külək enerjisi üzrə resurslar beynəlxalq səviyyədə diqqət çəkir. Prezident İlham Əliyev qeyd edir ki, 2030-cu ilə qədər 5 qiqavat yaşıl enerji ixracı hədəflənib. Bu, Azərbaycanın Avropa qaz bazarındakı payını artırmaq istiqamətində irəliyə doğru ciddi addımdır.

 “Yaşıl Enerji Dəhlizi” layihəsinə gəldikdə isə bu layihə Azərbaycan-Gürcüstan-Macarıstan marşrutu ilə yaşıl elektrik enerjisinin ixracını planlaşdırır. Avropa Komissiyası bu layihəni prioritet layihə elan edib. Azərbaycandan yaşıl enerjinin tədarükünə maraq artır və ölkəmizin Avropa enerji bazarına yeni statusla daxil olması Avropa İttifaqı ilə daim inkişaf edən strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Azərbaycan alternative mənbələr və marşrutlarla Avropanın enerji təchizatını davamlı şəkildə şaxələndirən ölkədir. Bir sözlə, Azərbaycan yaşıl enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji məqsədlərini həyata keçirmək əzmindədir.

Bu gün Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə, həmçinin alternativ enerji istehsalçısı və ixracatçısına çevrilməsini təmin edəcək.