“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb. Görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir.

 

AZTV.AZ QSC-yə istinadla xəbər verir ki, körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.

Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.

Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.

ADY üçün əsas prioritet bərpa işlərini mümkün qədər operativ şəkildə, eyni zamanda, bütün təhlükəsizlik tələblərinə tam riayət etməklə yekunlaşdırmaqdır. Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur.