Azərbaycanın enerji strategiyası uzun illər ərzində davamlı və sistemli şəkildə formalaşdırılmış dövlət siyasətinə əsaslanır. Bu siyasətin mərkəzində isə ölkəmizin zəngin təbii qaz ehtiyatlarından səmərəli və məqsədyönlü istifadə dayanır. Azərbaycanın bu gün sahib olduğu qaz resursları yalnız iqtisadi güc mənbəyi deyil, həm də ölkəmizin beynəlxalq münasibətlər sistemində xüsusi çəkisinin artmasına səbəb olan strateji üstünlükdür.

Azərbaycan dünya üzrə təsdiq olunmuş qaz ehtiyatlarına malik aparıcı ölkələrdən biridir. “Şahdəniz”, “Abşeron”, “Ümid-Babək”, “Aydın”, “Asiman”, “Şəfəq-Məşəl” kimi nəhəng yataqlar həm hazırkı dövrün, həm də yaxın onilliklərin etibarlı enerji bazasını formalaşdırır. Bu yataqların sistemli işlənməsi, onların uzunmüddətli istismarının təmin olunması ölkəmizə həm daxili enerji təhlükəsizliyini təmin etmək, həm də beynəlxalq bazarlara böyük həcmdə qaz ixracı həyata keçirmək imkanı verir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Cənub Qaz Dəhlizi yalnız bir enerji layihəsi deyil, XXI əsrin mühüm geostrateji təşəbbüslərindən biridir. Azərbaycan bu layihənin təşəbbüskarı və lokomotivi olaraq dünya enerji bazarına yeni təhlükəsiz, şaxələndirilmiş və uzunmüddətli qaz marşrutu təqdim etmişdir. TANAP və TAP kimi seqmentlər sayəsində Azərbaycan qazı artıq Avropanın geniş coğrafiyasına – İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və digər ölkələrə çatdırılır. Bu da Azərbaycanın regionda və qitədə etibarlı enerji tərəfdaşı kimi nüfuzunu daha da möhkəmləndirir.

Təbii qaz ehtiyatlarımız Azərbaycanın iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə öz sözünü deməsinə, güclü tərəfdaş kimi qəbul olunmasına və regionda sabitliyin təmin olunmasında fəal rol oynamasına şərait yaradır.

Nəticə etibarı ilə Azərbaycanın zəngin qaz yataqları, müasir enerji infrastrukturu, qlobal əhəmiyyətli transmilli layihələri və etibarlı tərəfdaşlıq prinsipləri ölkəmizin bu gün bir çox dövlətlərə uzunmüddətli, stabil və təhlükəsiz qaz ixrac etməsinə imkan yaradır. Bu isə Azərbaycanın həm regionda, həm də qlobal miqyasda enerji siyasətinin uğurla həyata keçirildiyini bir daha nümayiş etdirir.