Azərbaycanın tarixi minilliklərlə ölçülür və bu dövr ərzində azadlıq uğrunda mübarizə, qəhrəmanlıq, torpaq, Vətən sevgisi, dövlətçilik ənənələri hər zaman önəmli yer tutub. Şanlı tariximiz boyu yaddaşımıza həkk olunan əlamətdar günlər arasında Laçın Şəhəri Günü xüsusi əhəmiyyətə malikdir. Bu günün təsis edilməsi Prezident İlham Əliyevin 2023-cü il 25 avqust tarixli Sərəncamı ilə rəsmiləşib. Həmin tarixdən etibarən hər il avqustun 26-sı Laçın Şəhəri Günü böyük fəxarət və qürur hissi ilə qeyd olunur.
Qarabağ dağlarının qoynunda yerləşən bu diyar təbii gözəllikləri, münbit torpaqları, zəngin fauna və florası ilə seçilir. Laçın yalnız coğrafi və tarixi baxımdan deyil, strateji nöqteyi-nəzərdən də vacib əhəmiyyət kəsb edir. XX əsrin 2-ci onilliyinin sonlarına yaxın və 1990-cı illərin əvvəlində Laçın bölgəsi mənfur erməni millətçilərinin işğalçılıq siyasətinin və etnik təmizləmə cinayətlərinin qurbanı olub. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri və separatçı cinayətkar ünsürlər Laçını işğal etdilər. Bu, Azərbaycanın tarixində ən ağır faciələrdən biri idi. Minlərlə dinc sakin öz doğma yurd-yuvasından didərgin düşdü. Onlarla kənd və qəsəbə yerlə-yeksan edildi. Məscidlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdıldı. Ermənistan beynəlxalq hüququ kobudcasına pozaraq Laçında etnik təmizləmə siyasəti apardı. İşğal nəticəsində Laçının bütün təbii sərvətləri də talan edildi. Dağ-meşə massivləri, faydalı qazıntılar, nadir ağac növləri məhv olundu.
2020 və 2023-cü illərdə Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri zamanı Azərbaycan Prezidentinin mükəmməl liderliyi, uzaqgörənliyi, sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin görünməmiş qəhrəmanlığı sayəsində Müzəffər Azərbaycan Ordusu düşməni diz çökdürdü, Qarabağ və Şərqi Zəngəzur tamamilə azad olundu. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Laçının azad edilməsindən sonra burada bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Azərbaycan dövləti bu bölgəni müasir standartlara uyğun olaraq yenidən qurmaq niyyətindədir. Prezident İlham Əliyevin göstərişi ilə Laçın və ümumilikdə Qarabağ bölgəsi yaşıl enerji zonası elan edilib. Burada Günəş və külək elektrik stansiyaları inşa olunur. Bu, həm ekoloji tarazlığı qoruyacaq, həm də regionun iqtisadi inkişafına böyük töhfə verəcək. Laçın şəhərinin Baş planı təsdiq olunub, müasir yollar, körpülər, elektrik xətləri, rabitə və internet şəbəkəsi qurulub. Laçın Beynəlxalq Hava Limanı, yeni avtomobil və dəmir yolları bu rayonu strateji logistika mərkəzinə çevirəcək.