Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirməklə yanaşı, iki ölkə arasında əməkdaşlığın regional miqyasda yaratdığı imkanları da ön plana çıxardı. Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Bakı ilə Daşkənd arasında münasibətlərin yalnız ikitərəfli gündəliklə məhdudlaşmadığını, Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni siyasi və geoiqtisadi bağlantıların formalaşmasına təsir etdiyini göstərir.

 

 

Azərbaycan–Özbəkistan münasibətləri son illərdə ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq Cənubi Qafqaz və Mərkəzi Asiya arasında formalaşan yeni geosiyasi və geoiqtisadi əlaqələrin əsas dayaqlarından birinə çevrilir. Bakı ilə Daşkənd arasında strateji tərəfdaşlığın dərinləşməsi həm iki dövlətin milli maraqlarına, həm də daha geniş regional inteqrasiya proseslərinə uyğun gəlir.

Bu münasibətlərin geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm mövqeyə malik olmasıdır. İki ölkə arasında əlaqələrin intensivləşməsi faktiki olaraq bu iki region arasında siyasi, iqtisadi və nəqliyyat bağlarının daha da möhkəmlənməsinə şərait yaradır. Beləliklə, Azərbaycan–Özbəkistan tərəfdaşlığı coğrafi baxımdan ayrı görünən iki məkanın vahid əməkdaşlıq zəncirində birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mövzu ilə bağlı politoloq Tural İsmayılov Beynəlxalq Radioya açıqlamasında deyib:

                   

“Azərbaycan-Özbəkistan münasibətləri artıq qardaşlıq münasibətlərini aşaraq çox yüksək səviyyəyə çatıbdır. Bu gün Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsinin imzalanması təkcə yaxın beş ili əhatə edən bir müqavilə deyil, bu tarix boyunca gələcək nəsilləri əhatə edəcək iki ölkənin müttəfiqliyini, qardaşlığını dərinləşdirən, yüksək səviyyəyə çatdıran bir müqavilədir. Eyni zamanda bu gün Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələr, atılan addımlar, həmçinin cənab Prezidentin Özbəkistana sonuncu səfərində əldə edilən razılaşmalar, bütövlükdə  Azərbaycan-Özbəkistan münasibətlərini çox yüksən bir səviyyəyə çatdırır. Bu səviyyə tarixi bir səviyyədir. Bu səviyyə təkcə Azərbaycana və Özbəkistana təsir edəcək bir müttəfiqlik deyil, bütövlükdə Cənubi Qafqaz- Mərkəzi Asiya oxunda böyük müsbət dəyişikliklər yaradacaq bir anlaşmadır”.

Əlbəttə ki, Azərbaycanın Avrasiyanın qərb-şərq bağlantısında, Özbəkistanın isə Mərkəzi Asiyanın dərinliklərinə çıxışda əlverişli mövqeyi iki ölkəni Orta Dəhlizin inkişafında təbii tərəfdaşlara çevirir. Xəzər üzərindən Azərbaycan, daha sonra isə Cənubi Qafqaz və Avropa istiqamətində uzanan marşrutlar Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Bu baxımdan Bakı–Daşkənd əməkdaşlığı yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, Avrasiyada yeni logistika və təchizat zəncirlərinin formalaşmasına xidmət edir.

Geoiqtisadi baxımdan da iki ölkənin qarşılıqlı investisiyaları, sənaye kooperasiyası, enerji, kənd təsərrüfatı və infrastruktur sahələrində birgə layihələri mühüm potensiala malikdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanın iştirakı, eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda müxtəlif layihələrə cəlb olunması qarşılıqlı iqtisadi inteqrasiyanın praktiki nümunəsidir.

Bu proses Türk Dövlətləri Təşkilatı çərçivəsində də xüsusi əhəmiyyət qazanır. Azərbaycan və Özbəkistanın təşkilatda fəal iştirakı nəqliyyat, ticarət, enerji, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq istiqamətlərində ortaq layihələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Bununla da türk dövlətləri arasında coğrafi məsafələri azaldan, iqtisadi və nəqliyyat əlaqələrini gücləndirən yeni bağlantılar formalaşır.

Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana səfəri fonunda bir daha aydın görünür ki, Azərbaycan–Özbəkistan tərəfdaşlığı yalnız iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyanın qarşılıqlı əlaqələrinin dərinləşməsi baxımından da strateji əhəmiyyət daşıyır. Bakı–Daşkənd xəttinin güclənməsi nəqliyyat, ticarət, enerji, investisiya və siyasi əməkdaşlıq vasitəsilə iki regionun getdikcə daha sıx inteqrasiyasına və vahid geosiyasi-geoiqtisadi məkan kimi formalaşmasına mühüm töhfə verə bilər.