Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri son illərdə daha da möhkəmlənərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlərin bugünkü vəziyyəti və gələcək perspektivləri Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə geniş şəkildə əksini tapıb. Dövlət başçısı müsahibəsində iki ölkəni birləşdirən tarixi, mədəni və mənəvi bağlardan, siyasi dialoqun yüksək səviyyəsindən, iqtisadi əməkdaşlığın genişlənməsindən və Türk dünyasının birliyinin möhkəmləndirilməsində Azərbaycan-Özbəkistan əlaqələrinin rolundan danışıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin əsasını xalqlarımızın ortaq tarixi, mədəniyyəti, dil və mənəvi dəyərləri təşkil edir. Son illərdə həyata keçirilən qarşılıqlı səfərlər və imzalanan mühüm sənədlər isə bu münasibətləri yeni mərhələyə çıxarıb. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələrin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib.

Dövlət başçısı iki ölkə liderləri arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu siyasi iradə əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə imkan yaradıb. Mövzu ilə bağlı millət vəkili Naqif Həmzəyev Beynəlxalq Radioya müsahibəsində deyib:

    Çıxış-Naqif Həmzəyev

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə geniş müsahibə verdi. Dövlət başçısının açıqlamaları  iki qardaş ölkə arasındakı münasibətlərin bu gün hansı yüksək səviyyəyə çatdığını bir daha nümayiş etdirməkdədir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə əsaslanaraq, son illərdə misli görülməmiş templə inkişaf edib və artıq ən yüksək pilləyə, müttəfiqliq səviyyəsinə yüksəlibdir. Bu münasibətlərin bu cür inkişaf etməsində və qurulmasında prezident Şavkat Mirziyoyevlə qurulan samimi dostluq və qardaşlıq etimadının da mühüm rol oynadığına da xüsusi yer ayırıbdır. Eyni zamanda son beş ildə iki ölkə arasında 15 qarşılıqlı ali səviyyəli səfərin baş tutduğunu dilə gətirdi cənab president.  2024-cü ilin avqust ayında Azərbaycan Prezidentinin, 2025-ci ilin iyul ayında  Özbəkistan Prezidentinin qarşılıqlı dövlət səfərləri zamanı imzalanan strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyyanamə və müttəffəqliq münasibətləri haqqında müqavilə, bu əlaqələrin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndiribdir. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə strateji tərəfdaşlığın əlaqələndirilməsi üçün mühüm institusional mexanizmə çevrilibdir. Ümumilikdə cənab prezidentin müsahibəsi zamanı toxunduğu məsələlər onu deməyə imkan verir ki, Özbəkistan və Azərbaycan arasındakı münasibətlər günü-gündən daha da inkişaf edir, güclənir və cənab prezidentin bu səfəri də münasibətlərin daha da inkişaf etdirilməsinə və qarşıya qoyulan məqsədlərə çatmağa böyük bir töhfə verəcəkdir.

Prezidentin müsahibəsindən də aydın görünür ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə strateji əhəmiyyət daşıyır. Mövcud siyasi etimad, iqtisadi potensial və ortaq dəyərlər iki qardaş ölkə arasında müttəfiqliyin gələcəkdə də daha da möhkəmlənməsi üçün möhkəm zəmin yaradır.