Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsini bir daha nümayiş etdirməklə yanaşı, ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi diqqət çəkir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında mövcud olan qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfərin mühüm nəticələrindən biri Ali Dövlətlərarası Şuranın 3-cü iclasında iki ölkə arasında əməkdaşlığın yeni hədəflərinin müəyyənləşdirilməsi olub. Qəbul edilən qərar Azərbaycan və Özbəkistan münasibətlərinin yalnız siyasi müstəvidə deyil, iqtisadi, investisiya, parlamentlərarası və regional əməkdaşlıq istiqamətlərində də genişləndirilməsinə yeni imkanlar yaradır.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafında dövlət başçılarının siyasi iradəsi xüsusi rol oynayır. Əbədi dostluq və müttəfiqlik münasibətlərinin hüquqi əsaslarının formalaşdırılması iki ölkənin uzunmüddətli əməkdaşlıq üçün möhkəm baza yaratdığını göstərir. Bu münasibətlər həm də regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyin və koordinasiyanın gücləndirilməsinə imkan verir.
İqtisadi sahədə müəyyənləşdirilən hədəflər isə əməkdaşlığın praktiki məzmununu daha da artırır. Ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması qarşılıqlı iqtisadi potensialın tam reallaşdırılması baxımından mühüm məqsəddir. Mövzu ilə bağlı Beynəlxalq radioya açıqlama verən millət vəkili Naqif Həmzəyev deyib:
Çıxış - Naqif Həmzəyev
Səfərin ilk günündə diqqət çekən əsas iqtisadi bəyyanatı cənab president İlham Əliyev birqə investisiyaların həcmi barədə açıqlamasını edərkən söylədi. Dövlət başçısı bildirdi ki, bu rəqəm artıq əvvəllər elan olunan 500 milyon dollar həddini keçibdir və bundan xeyli yüksəkdir. Bu sadəcə statistik yenilənmə deyil, siyasi bir siqnal kimi də dəyərləndirilməlidir. Azərbaycan-Özbəkistan investisiya şirkətinin formalaşdırdığı platforma real şəkildə genişlənir və ilkin kapital həcmini üstələyib. Bu artıq çox yaxşı bir göstəricidir. Buna parallel iki lider Azərbaycan və Özbəkistanın həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimlərində də iştirak etdilər. Prezidentlərin şəxsən belə tədbirlərdə iştirakı adətən layihələrin siyasi əhəmiyyətini vurğulamaq və investisiya mühütünə etimadı gücləndirmək məqsədini daşıyır.
Həmçinin qeyd edək ki, eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda sənaye, energetika, kənd təsərrüfatı, tikinti, dağ-mədən və digər prioritet sahələrdə fəaliyyətinin genişləndirilməsi əməkdaşlığın qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdiyini göstərir.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsi fonunda Özbəkistanla tərəfdaşlıq xüsusi regional əhəmiyyət də daşıyır. İki ölkənin müxtəlif regional və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətinin genişləndirilməsi Türk dünyasında və daha geniş Avrasiya məkanında iqtisadi və siyasi əlaqələrin dərinləşməsinə əlavə imkanlar yaradır.
Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana səfəri və Ali Dövlətlərarası Şuranın 3-cü iclasında əldə olunan razılaşmalar Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarşıya qoyulan konkret hədəflər və müəyyənləşdirilən yeni əməkdaşlıq istiqamətləri iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə və bunun həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə region üçün yeni inkişaf imkanları yaradacağına əsas verir.