Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər İnstitutunda keçirilən tədbirdə iştirak edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirə Efiopiyanın dövlət və hökumət qurumlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən alim və ekspertlər, elmi ictimaiyyətin nümayəndələri və tələbələr qatılıblar.
Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova ilə Efiopiya Xarici İşlər İnstitutunun direktor müavini Məhəmmədrafi Abaraya arasında görüş olub.
Ardınca nümayəndə heyətlərinin iştirakı ilə ADA Universiteti ilə Xarici İşlər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə “Azərbaycan və Efiopiya: Parlamentlərarası dialoqun, əməkdaşlığın və çoxtərəfliliyin inkişafı” mövzusunda çıxış edib. O, Azərbaycan ilə Efiopiya arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirib. Parlamentin sədri Efiopiya Prezidenti Taye Atske Selassiyenin və Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərlərinin, onların Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlərin, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Efiopiyaya səfərinin ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Eyni zamanda, parlamentlərarası münasibətlərin bu əlaqələrin inkişafında mühüm vasitə olduğunu bildirib.
Sahibə Qafarova çıxışında Azərbaycanın innovativ dövlət idarəçiliyi təcrübəsindən bəhs edərək, “ASAN xidmət” modelinin Efiopiyada “MESOB” Xidmət Mərkəzi vasitəsilə uğurla tətbiqini qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi kimi qiymətləndirib. O vurğulayıb ki, etimada, bilik və təcrübə mübadiləsinə əsaslanan tərəfdaşlıq birgə inkişaf və davamlı tərəqqinin əsasını təşkil edir.
Parlamentin sədri bildirib ki, Azərbaycan ilə Efiopiya arasında humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin vacib istiqamətlərindən biridir. O, ölkəmizin beynəlxalq siyasətinin prioritetlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə dialoqun, həmrəyliyin və çoxtərəfliliyin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verdiyini bildirib.
Beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının rolundan söz açan Milli Məclisin sədri bildirib ki, parlamentlərarası dialoq dövlətlər arasında etimadın möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın inkişafı və ümumi çağırışlara ortaq cavab verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sahibə Qafarova çıxışında müasir dünya gündəliyinin, həmçinin parlamentlərin qarşısında dayanan vəzifələrin əhatə olunduğu bir çox məsələlərə də toxunub.
Tədbir sual-cavab sessiyası ilə davam edib, Milli Məclisin sədri auditoriyanın suallarını cavablandırıb.