Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.
Turnirin 4-cü günündə Azərbaycanın daha 5 güləşçisi xalça üzərinə çıxacaq.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində israilli Sela Rozovla üz-üzə gələcək.
Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) 1/8 finaldan, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) isə 1/4 finaldan mübarizəyə qoşulacaqlar.
Xatırladaq ki, ötən gün Azərbaycanın 4 qadın güləşçisi uğursuz çıxış edib.
Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.