“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsinin yekun tədbiri Bakı şəhərində Gəncliyə Yardım Fondunda təşkil olunub.

 

İctimai birlikdən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Sərgidə xalqımızın zəngin milli-mədəni irsini əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi, hazırlanma xüsusiyyətləri və estetik dəyərləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq qonaqlara milli geyimlərimiz və kəlağayı sənəti haqqında geniş məlumat çatdırılıb.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. O bildirib ki, milli geyimlər və kəlağayı xalqımızın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan mühüm irs nümunələrindəndir. Layihənin əsas məqsədinin milli dəyərlərimizin təbliği, xüsusilə gənc nəslin bu irsə marağının artırılması olduğunu vurğulayan layihə rəhbəri, göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən şəhid Müşfiq Orucovun anası Aygün Məmmədli milli dəyərlərimizin təbliğinin vacib olduğunu söyləyib. Bildirib ki, xalqımızın milli-mənəvi irsinin yaşadılması, gənc nəslə düzgün şəkildə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Milli geyimlərimiz və kəlağayımız Azərbaycan qadınının zərifliyini, mənəvi zənginliyini və milli kimliyini özündə əks etdirir. Şəhidlərimizin canı bahasına qoruduqları Vətənin dəyərlərinin yaşadılmasının onların xatirəsinə ən böyük ehtiram nümunələrindən biri olduğunu qeyd edən şəhid anası, bu istiqamətdə həyata keçirilən layihələrin böyük əhəmiyyət daşıdığını bildirib və belə tədbirlərin davamlı olmasını arzulayıb.

Tədbirdə çıxış edən digər natiqlər də layihənin əhəmiyyətindən, milli geyimlərin və kəlağayının Azərbaycan xalqının milli kimliyinin formalaşmasında oynadığı roldan danışıb, bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Tədbir bədii proqramla davam edib.

Bununla da “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla yekunlaşıb.