"TEAS Press” nəşriyyat evi tərəfindən təşkil olunan “Gənclərin roman müsabiqəsi 3"ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

"LİBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında baş tutan tədbirdə ədəbiyyatsevərlər, müəlliflər, media təmsilçiləri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı Aysel Zahidqızı müsabiqənin məqsədi və gənc müəlliflərin yaradıcılığının dəstəklənməsində oynadığı rol barədə məlumat verib.

Daha sonra müsabiqənin münsifləri - ədəbiyyatşünas, tərcüməçi, redaktor Seyfəddin Hüseynov, filologiya üzrə fəlsəfə doktoru, dosent Əminə İbrahimli və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru və yazıçı Mətanət Vahidova çıxış edərək müsabiqəyə təqdim olunan əsərlər, seçim prosesi və gənc yazarların Azərbaycan ədəbiyyatına gətirdiyi yeni baxışlar haqqında fikirlərini bölüşüblər.

Mərasim çərçivəsində əvvəlki illərin qalibləri olan Xan Həsən və Əşrəf Əşrəfov da çıxış edərək müsabiqənin onların yaradıcılıq fəaliyyətinə təsirindən danışıb, yeni iştirakçılarla öz təcrübələrini bölüşüblər.

Daha sonra müsabiqənin qalibləri elan olunub, münsiflər qaliblərə mükafatları təqdim ediblər.

Müsabiqədə Vasif Zahidov “Qarağacların köklərindəki pıçıltı” romanı ilə birinci, Seymur Həmzəyev "Gələn dəfə kral sənsən” romanı ilə ikinci, Zamiq Cəfərli isə “Əncir ağacı” romanı ilə üçüncü yerə layiq görülüb.

Qaliblərə pul mükafatları təqdim olunub.

Qeyd edək ki, artıq üçüncü dəfə keçirilən "Gənclərin roman müsabiqəsi" yeni müəlliflərin üzə çıxarılması, müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfə verilməsi və gənclərin yaradıcılıq potensialının təşviq olunması istiqamətində mühüm platforma kimi fəaliyyətini davam etdirir.