Türkiyənin Merzifon şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan incəsənəti göstərisi” adlı möhtəşəm konsert proqramı təqdim olunub.
Tədbirdə yerli icra hakimiyyəti, bələdiyyə, Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, Türkiyədə yaşayan azərbaycanlılar, eləcə də çoxsaylı turistlər iştirak ediblər.
Şəhərin mərkəzində, tarixi hissədə yerləşən Taşhan Karvansaray Kompleksinin həyətində açıq hava şəraitində keçirilən tədbir böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərinə və müasir Azərbaycanın nailiyyətlərinə həsr olunmuş fotosərgi iştirakçılara təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Merzifon Bələdiyyəsinin rəhbəri Alp Kargı Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Atatürk Beynəlxalq Mədəniyyət və Sənət Festivalı çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakını yüksək qiymətləndirərək, Amasya və Merzifon şəhərlərində çoxsaylı tamaşaçı qarşısında Azərbaycanın zəngin mədəniyyətinin və incəsənətinin tanıdılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Azərbaycan xalqının müstəqillik tarixində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsindəki misilsiz xidmətlərini diqqətə çatdırıb.
Samir Abbasov Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərindən də danışaraq bildirib ki, Azərbaycan və Anadolu xalqları əsrlər boyu ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlı olub. O, vaxtilə Amasya bölgəsinə gəlmiş Azərbaycan mənşəli alimlərin, şairlərin və mütəfəkkirlərin bölgənin elm, mədəniyyət və ədəbi həyatının inkişafına mühüm töhfələr verdiklərini qeyd edib.
Çıxış zamanı Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi zəngin irsdən danışılıb, milli musiqimizin, muğam sənətinin, aşıq yaradıcılığının, opera sənətinin, folklorumuzun və milli rəqslərimizin dünyada böyük şöhrət qazandığı qeyd olunub.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı zəngin bədii proqram təqdim olunub. Proqram çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Rüzgarı” Muğam-Poeziya Qrupunun ifasında Azərbaycan xalq mahnıları və muğam nümunələri səsləndirilib.
Türkiyədə yaşayan azərbaycanlı sənətçilər – xanəndə Müşfiq Əliyev və opera müğənnisi Fidan Hüseynova Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş musiqi əsərlərini, eləcə də Azərbaycan klassik musiqisinin seçmə nümunələrini tamaşaçılara təqdim ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblı isə “Uzundərə”, “Ay ləli yar”, “Naz eləmə”, “Arşın mal alan” operettasından qızların rəqsi və digər milli rəqslərimiz nümayiş etdirib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.