Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəyə start verilib.

 

MEMİM-dən bildirilib ki, layihə çərçivəsində ilk seminar Azərbaycan Milli Kitabxanasında Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun iştirakı ilə keçirilib.

MEMİM-in sektor müdiri Fariz Yunislinin moderatorluğu ilə təşkil olunan seminarda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əhəmiyyətindən danışıb. O bildirib ki, sənəddə Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib.

MEMİM-in direktoru, dosent Vüqar Hümbətov qeyd edib ki, layihənin əsas məqsədi yeni mədəniyyət konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin daha da möhkəmləndirilməsinə, eləcə də mediada dildən düzgün istifadənin təbliğinə dəstək verməkdir.

Akademik Rafael Hüseynov çıxışında “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının hazırlanmasının zərurətindən bəhs edib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna söykənən yeni mədəniyyət siyasətinin formalaşdırılması konsepsiyanın əsasını təşkil edir.

Rafael Hüseynov həmçinin müasir dövrdə ana dilinin təbliği, mediada Azərbaycan dilindən istifadə səviyyəsi və digər aktual məsələlər barədə fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Seminarda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları və digər iştirakçılar yer alıblar.