Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyində "İRS" nəşriyyat evinin kitab və nəşrlərinin təqdimatı keçirilib.

 

Nəşriyyat evinin rəhbəri və eyniadlı jurnalın baş redaktoru Musa Mərcanlı tədbirdə iştirak etmək üçün Belçikaya səfər edib.

M.Mərcanlı qonaqlara Azərbaycan bölgələrinin memarlığına, muzeylərinə və tarixi abidələrinə həsr olunmuş kitabları təqdim edib, Qarabağ və Şuşa haqqında nəşrlərə xüsusi diqqət ayırıb.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov "İRS" komandasına minnətdarlığını bildirirək, diplomatların bu materiallardan öz işlərində fəal şəkildə istifadə etdiklərini qeyd edib.

"İRS" nəşriyyatının kitabları və jurnalı Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, fəlsəfəsi və arxeologiyasına həsr olunub. Gündəlik fəaliyyətimizdə biz, diplomatlar, bu materiallardan fəal istifadə edir və həm Belçikada, həm də Azərbaycanın diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyi digər ölkələrdə xarici dostlarımızı və tərəfdaşlarımızı bu materiallarla məmnuniyyətlə tanış edirik", - səfir vurğulayıb.

Brüssel Azad Universitetinin professoru Filip Hambl qeyd edib ki, Bakı onu müasirlik və tarixin vəhdəti, həmçinin dini tolerantlığı ilə heyran edib. Professorun sözlərinə görə, ədəbiyyat, xüsusilə Qurban Səidin "Əli və Nino" romanı və digər əsərlər ona Azərbaycanı daha dərindən dərk etməkdə kömək edib.

Öz növbəsində, Brüsselin "Avropa" Press Klubunun prezidenti Antonio Buskardini xarici jurnalistlərin Azərbaycana press-turlarının təşkili ilə bağlı xatirələrini bölüşüb və Naxçıvana səfər təəssüratlarını xüsusi qeyd edib.