Yekaterinburqda yaşayan azərbaycanlı gənclər arasında “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş 5-ci ənənəvi minifutbol turniri keçirilib.

 

Turnir Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutub. Yarışda “Azklub UrFU”, “Araz UrFU”, “Xəzər Lənkəran”, “Kaspi”, “Bakı34”, “Yekaterinburq Team”, “Qarabağ”, “İnter Bakı”, “Anadolu”, “Masallı”, “Qartallar” və “Karvan” komandaları daxil olmaqla, ümumilikdə 12 komanda iştirak edib.

Turnirin açılış mərasimində çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və RAGB-nin Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunmuş “Memarlıq və Şəhərsalma İli”nin əhəmiyyətindən danışıblar, iştirakçılara uğurlar arzulayıblar.

Turnirin 5 illik yubileyi münasibətilə tədbir musiqili proqramla müşayiət olunub. “Uşaq Yeni Dalğa” televiziya və vokal müsabiqələrinin yarımfinalçısı Ələddin Əliyev canlı musiqi nömrələri təqdim edib, “Dastan” rəqs qrupu isə milli rəqslərlə çıxış edib.

Yarımfinal oyunlarından əvvəl azarkeşlər arasında intellektual idman müsabiqəsi təşkil olunub, qaliblər Baş Konsulluq tərəfindən mükafatlandırılıblar.

Gərgin mübarizə şəraitində keçən oyunların yekununa əsasən, “Araz UrFU” komandası birinci, “İnter Bakı” ikinci, “Qarabağ” komandası isə üçüncü yerə layiq görülüb.

Qaliblərə “Memarlıq və Şəhərsalma İli” üçün xüsusi dizayn edilmiş kubok, medallar və pul mükafatları təqdim olunub.

Fərdi nominasiyalar üzrə “Ən yaxşı qapıçı” adına “Araz UrFU” komandasının üzvü Nəbi Nəbizadə, “Bombardir” adına “Qarabağ” komandasından Fərasət Kərimov, “Ən yaxşı oyunçu” adına Ramil Quliyev, “Ən yaxşı müdafiəçi” adına isə “İnter Bakı” komandasının üzvü Amin İsayev layiq görülüb.

Turnirdə fəxri yerləri tuta bilməyən komandaların üzvlərinə iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.