Azərbaycan Xarici İşlər Nazirliyinin, Bakı Dövlət Universitetinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı ilə mayın 25-də “Afrika Günü” münasibətilə Bakıda beynəlxalq konfrans keçirilib.
Konfransda Afrika ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, Milli Məclisin deputatları, dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər, eləcə də ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak ediblər.
Açılış mərasimindəki çıxışlarda Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıq perspektivləri vurğulanıb.
Tədbir çərçivəsində “Azərbaycan–Afrika münasibətləri: mövcud dinamika və strateji potensial” və “Agenda 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu” mövzularında panel müzakirələri keçirilib. Panellərdə siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələr üzrə yeni imkanlar müzakirə olunub.
Konfrans zamanı, həmçinin "ASAN xidmət" sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinə dair təqdimat nümayiş etdirilib.
Sonda iştirakçılar Azərbaycan–Afrika əməkdaşlığının gələcək inkişaf perspektivləri, qarşılıqlı münasibətlərin dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.