Stokholmun “Filmstaden Sergel” kinoteatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “The Homeland in Memory” (“Yaddaşda yaşayan vətən”) adlı sənədli film nümayiş etdirilib.

 

Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Azərbaycandan gələn “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin nümayəndəsi Gülçin Qasımova, Azərbaycan və türk icmasının üzvləri, həmçinin ölkəmizin tarixi və mədəniyyətinə maraq göstərən isveçlilər iştirak ediblər.

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük hörmət və ehtiram hissi ilə daima qeyd edilir.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir və onun ruhu şaddır. Torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilməsi, bayrağımızın bu gün Xankəndidə fəxarətlə dalğalanması qürurumuza qürur qatmışdır”, - deyə səfir bildirib.

Zaur Əhmədov əlavə etdi ki, “Yaddaşlarda yaşayan vətən” ekran işi rejissorun ölkəmizin beynəlxalq təbliğinə xidmət edən artıq 5-ci filmidir.

Filmin müəllifi Mikael Silkeber bildirib ki, “Yaddaşda yaşayan vətən” filmi Qərbi Azərbaycandan məcburi köçkün düşmüş azərbaycanlıların zəngin mədəni və bədii irsinə, həmçinin insanın artıq vətənində olmadığı zaman öz vətənini yaddaş, sənət və ənənələr vasitəsilə necə yaşatmasına həsr olunub.

Qeyd edək ki, “Yaddaşlarda yaşayan vətən” ekran əsəri Skandinaviya ilə Azərbaycan arasında mədəni səyahəti izləyən və yaddaşın coğrafi sərhədlərdən kənarda kimliyi necə qoruyub saxladığını araşdıran 60 dəqiqəlik sənədli filmdir. Filmin mərkəzində yaddaşlarda yaşadılan mədəni məkan kimi Qərbi Azərbaycan dayanır — nəsildən-nəslə ötürülən ənənələrin, dəyərlərin və mənəvi bağlılığın dünyası. Filmdə tarixi və mədəni davamlılıq ən parlaq şəkildə aşıq sənəti, musiqi, yallı rəqsi, ədəbiyyat, bədii ənənələr və Qərbi Azərbaycan haqqında yaddaşı yaşadan İrəvan xalça qrupu vasitəsilə əks olunur.