WUF13 üçün 150-dən çox ölkədən 25 minə yaxın şəxs qeydiyyatdan keçib.

 

Bunu bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumda çıxışı zamanı bildirib.

"Artıq 150-dən çox ölkədən 25 minə yaxın şəxsin qeydiyyatdan keçməsi tədbirə olan yüksək marağın göstəricisidir. Bu tədbirin uğuru yalnız təşkilati səviyyə ilə deyil, eyni zamanda onun ictimaiyyətə düzgün və effektiv şəkildə çatdırılması ilə də bağlıdır. Müzakirə olunan yanaşmaların, innovativ həllərin və əldə edilən nəticələrin geniş auditoriyaya çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür", - deyə o bildirib.

Read Qasımovun sözlərinə görə, ölkəmizdə dayanıqlı şəhər inkişafı, inklüzivliyin təmin olunması və həyat keyfiyyətinin yüksəldilməsi əsas prioritetlər sırasındadır:

"İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın şəhərsalma siyasətinin bariz göstəricisidir. Eyni zamanda, şəhər landşaftının formalaşdırılması, yaşıl zonaların artırılması və memarlıq obyektlərinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qlobal urbanizasiya çağırışlarına uyğun layihələrimiz dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Bu yanaşma Azərbaycanın uğurlu şəhərsalma siyasətinin qlobal səviyyədə təsdiqidir".