ABŞ-da nəşr olunan “Bukharian Times” qəzetində və saytında “Azərbaycan musiqisinin dünya mədəniyyətində rolu” sərlövhəli geniş məqalə dərc edilib. Məqalənin müəllifləri

 

Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayevin və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu məqalədə Azərbaycan musiqisinin zəngin tarixi, çoxqatlı inkişaf yolu və qlobal mədəniyyətə verdiyi töhfələr ətraflı şəkildə təhlil olunur.

Bildirilir ki, milli musiqi irsi həm qədim Şərq ənənələrini, həm də müasir qlobal musiqi proseslərini özündə birləşdirərək, unikal sənət nümunəsi kimi formalaşıb.

Yazıda xüsusi olaraq muğam sənətinin əhəmiyyətinə toxunulur. Qeyd edilir ki, muğam yalnız musiqi janrı deyil, həm də dərin fəlsəfi və emosional ifadə formasıdır. 2003-cü ildə UNESCO tərəfindən “bəşəriyyətin qeyri-maddi mədəni irsi” siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi təqdim olunur.

Məqalədə, həmçinin görkəmli bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı rolu vurğulanır. Onun Şərqdə ilk opera hesab edilən “Leyli və Məcnun” əsəri vasitəsilə Şərq və Qərb musiqi ənənələrinin uğurlu sintezini yaratdığı diqqətə çatdırılır.

Yazıda aşıq sənəti, xalq mahnıları və milli rəqslərin də dünya musiqi mədəniyyətinə təsirindən bəhs olunur. Bununla yanaşı, Azərbaycanın caz musiqisi və xüsusilə Vaqif Mustafazadənin yaratdığı caz-muğam janrının beynəlxalq aləmdə böyük maraq doğurduğu qeyd edilir. Yazıda Bakıda ilk dəfə keçirilən Caz və Şərab festivalı haqqında da geniş məlumat verilib.

Məqalədə dövlətin musiqi sahəsinə göstərdiyi diqqət də geniş işıqlandırılır. İlham Əliyevnin təşəbbüsü ilə Şuşada keçirilən “Xarıbülbül” festivalı, eləcə də beynəlxalq muğam festivalları və digər mədəni tədbirlərin Azərbaycan musiqisinin dünyada tanıdılmasına xidmət etdiyi vurğulanır. Bundan əlavə, Bakı Musiqi Akademiyası və digər təhsil müəssisələrinin peşəkar musiqiçilərin yetişdirilməsində mühüm rol oynadığı qeyd olunur. Müasir dövrdə Azərbaycan ifaçılarının beynəlxalq müsabiqələrdə uğurlu çıxışları da milli musiqinin qlobal miqyasda aktuallığını təsdiqləyən amillər kimi təqdim edilir.

Məqalənin sonunda vurğulanır ki, Azərbaycan musiqisi Şərq və Qərb arasında mədəni körpü rolunu oynayaraq müxtəlif musiqi ənənələrini birləşdirir və bəşəri dəyərlərin təbliğinə xidmət edir.