Mayın 1-də Bakı Biznes Mərkəzində Beynəlxalq Xalça Festivalının açılışı olub.

 

Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festivalda Azərbaycanla yanaşı, bir sıra ölkələrdən xalçaçılar, istehsalçılar, sənət adamları və mütəxəssislər iştirak edirlər.

Tədbirin açılış mərasimində çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, bu il də Beynəlxalq Xalça Festivalı çərçivəsində Forum təşkil olunub və artıq bu platforma ənənəvi xarakter alıb.

Onun sözlərinə görə, forum həm yerli ictimaiyyət, həm də xarici qonaqlar üçün mühüm müzakirə və təcrübə mübadiləsi məkanıdır. Festival çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini bölüşür, xalça sənətinin beynəlxalq bazara çıxışı, eləcə də əl sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparırlar.

Emin Məmmədov festivalın əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu cür tədbirlər Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması, zəngin mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, festival xalça sənayesinin müasir dövrün tələblərinə uyğun inkişafına töhfə vermək, beynəlxalq əməkdaşlığı genişləndirmək və sahənin iqtisadi potensialını artırmaq məqsədi daşıyır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, tədbirdə tərəfdaş qismində iştirak etmək onlar üçün böyük məmnunluq doğurur. Builki proqramın daha zəngin və maraqlı olacağını bildirən R.Mahmud hər kəsi bu ab-havanı yaxından izləmək üçün İçərişəhərə dəvət edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan xalçaçılıq sənəti xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir və bu sənətin qorunması, inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, ölkəmizdə xalçaçılığın yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə ardıcıl layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir.

Tədbir çərçivəsində “Xalça sənayesi: dəyər, dizayn və rəqabət qabiliyyəti” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu işə başlayıb. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və yaradıcı sənaye nümayəndələrini bir araya gətirib. İkinci dəfə təşkil olunan forum əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi istiqamətində mühüm platforma hesab olunur.

Qeyd edək ki, mayın 3-dək davam edəcək festivalın proqramı zəngin və rəngarəngdir. Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər də təşkil olunacaq.