Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir olub.
AYB-dən bildirilib ki, tədbir Azərbaycan Yazıçılar Birliyi və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.
AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Abdulla Şaiqin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, filologiya elmləri doktoru, şair Zahid Xəlil və digərləri yazıçının çoxcəhətli fəaliyyətinin digər bir sahəsindən - ədəbiyyatşünas-alim kimi fəaliyyətindən bəhs ediblər.
Sonda Abdulla Şaiqin nəvəsi, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər xanım Talıbzadə tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Tədbir bədii hissə ilə davam edib.